“Street Athletics Baku-2015”

Bakıda, Fəvvarələr meydanında "Street Athletics Baku-2015" nadir atletika turnirinin birinci mərhələsi baş tutub. SİA-nın məlumatına görə, ilk dəfə keçirilən turnirin birinci günündə beynəlxalq titullu 16 idmançı iştirak edib. Atletlər turnirin ilk günündə idmanın şüvüllə tullanma növü üzrə güclərini sınayıblar. Qadınlardan rusiyalı Natalya Demidenko, Tatyana Şvidkina, Olqa Mullina, Anastasiya Savçenko, almaniyalı Lisa Rüzih, slovakiyalı Tina Sutej, çexiyalı Romana Malaçova yarışda iştirak ediblər. Kişilər arasında isə Rusiya təmsilçisi Anton İvakin, İlya Mudrov, Aleksandr Qripiç, çexiyalı Mixal Balner, polşalı Przemislav Çzervinski və Piotr Lisek, britaniyalı Steven Levis, braziliyalı Tiaqo da Silva və almaniyalı dünya çempionu Rafael Holtsdeppe mübarizə aparıblar.

Yarışdan əvvəl çıxış edən gənclər və idman naziri Azad Rəhimov ilk dəfə keçirilən bu turnirin əhəmiyyətindən söz açıb..

Avropa Atletika Assosiasiyasının baş direktoru Kristian Mils ilk Avropa Oyunlarında yüngül atletika idman növündə qazandıqları nailiyyətə görə Azərbaycan atletlərini təbrik edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə atletika idman növünün böyük arenadan küçəyə çıxarılmasının Azərbaycan ictimaiyyətinin bu idmanı yaxından tanımasına xidmət edəcəyini deyib və turniri açıq elan edib.

Turnirin ikinci günündə hündürlüyə tullanma yarışları keçiriləcək. Hündürlüyə tullanan 9 idmançı arasında məşhur ukraynalı atletlər Bondarenko və Protsenko ilə yanaşı, rusiyalı Aleksandr Şustov və Aleksey Dmitrik, çexiyalı Yaroslav Baba da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə