AMEA-nın rəyasət heyətinin növbəti iclası olub

AMEA-nın rəyasət heyətinin növbəti iclası olub

İyunun 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmin, təhsilin inkişafına daim xüsusi önəm verildiyini vurğulayıb, iclasın gündəliyində duran məsələlər barədə məlumat verib.

Sonra Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov "Elm və təhsilin innovativ inkişafı", fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov "Nanomateriallar sahəsində aparılan tədqiqatlar, tətbiqlər və perspektivlər" mövzularında məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, BDU-da hazırda nanostrukturların alınması, stabilləşdirilməsi, tədqiqi və tətbiqi istiqamətində uğurlu tədqiqatlar aparılır. Tədqiqatlar zamanı nanostrukturlarda və onların əsasında alınmış kompozitlərdə tərkib-quruluş-xassə arasında əlaqələr və ölçü effektləri müəyyənləşdirilib, nanokompozitlərin komponentləri arasında fazalararası qarşılıqlı təsirin onun xassələrinə təsiri tədqiq edilib.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

İclasda tədqiqatların elm, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasında əhəmiyyəti nəzərə alınmaqla davam etdirilməsi və BDU-da nanomateriallar sahəsində aparılan multidisiplinar tədqiqatların AMEA-nın bu istiqamətlərdə çalışan müvafiq qurumları ilə əlaqəli aparılmasının təmini barədə qərar qəbul olunub.

Daha sonra AMEA-nın əməkdaşlarının xarici ezamiyyətləri ilə bağlı məsələ müzakirə olunub. Akademik A.Əlizadə bildirib ki, son zamanlar AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri beynəlxalq elmi əlaqələrin genişləndirilməsidir. Bu məqsədlə akademiyanın vəzifəli şəxsləri və elmi əməkdaşlarının xarici ölkələrə ezamiyyətlərinin sayı artmaqdadır.

İclasda bu məsələ ilə bağlı müzakirələr aparılıb, qərar qəbul edilib. Qərarda bildirilir ki, vəzifəli şəxslərin və elmi əməkdaşların xarici ölkələrə ezamiyyətlərinin məqsəd və vəzifələri kifayət qədər əsaslandırılmalı, ezamiyyətlər yalnız zəruri hallarda həyata keçirilməlidir.

Sonra AMEA üzrə elektron elmin inkişafına dair Fəaliyyət Planı müzakirə edilib. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elektron elmin formalaşması və inkişaf etdirilməsi istiqamətindəki tədbirlərin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" və Milli Strategiyanın icrası üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar olduğunu bildirib.

Akademiya üzrə 2014-cü il üçün elektron elmin monitorinqinin aparılması, kommunikasiya infrastrukturunun modernləşdirilməsi, AzScienceNet şəbəkəsinin istismarı, infrastrukturu və əməkdaşların İKT üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, AMEA üçün müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması, elektron elmin formalaşmasının elmi-praktik problemlərinin araşdırılması, həmçinin ölkədaxili, beynəlxalq inteqrasiyanın inkişaf etdirilməsi, elektron elmin populyarlaşdırılması və təbliğatın aparılması istiqamətində planlaşdırılmış işlərin Fəaliyyət Planında yer aldığı bildirilib.

İclasda AMEA üzrə elektron elmin inkişafına dair Fəaliyyət Planı təsdiqlənib. Planın icrasından irəli gələn məsələlərin həll edilməsi üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna lazımi tapşırıqlar verilib.

Daha sonra Radiasiya Problemləri İnstitutu əməkdaşlarının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilmələri barədə məsələ müzakirə olunub. Bildirilib ki, AMEA ilə Rusiya Federasiyasının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu sənədə əsasən Radiasiya Problemləri İnstitutunun beş əməkdaşı elmi-tədqiqat işlərinin aparılması və ixtisasartırma məqsədi ilə Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilməlidir. Bunu nəzərə alaraq, rəyasət heyəti onların ezam olunmaları ilə bağlı qərar qəbul edib.

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQÜKİ) "Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar (INTERLABCAT)" adlı beynəlxalq laboratoriyanın yaradılması barədə qərar qəbul edilib. AMEA-nın Kimya Elmləri Bölməsinin akademik katibi, KQÜKİ-nin direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, yeni laboratoriya neft mənşəli nanokarbon katalizatorlarının alınması və onların tətbiqinin həlli istiqamətində beynəlxalq tədqiqat proqramının həyata keçirilməsinə imkan verəcək.

Geologiya və Geofizika İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun elmi şuralarının tərkibində dəyişiklik edilib. Həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi və elmi təşkilati fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə laboratoriya və şöbələrin yaradılmasını nəzərə alınmaqla institutun yeni strukturu təsdiqlənib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə