Səfir İlqar Muxtarov AMEA Tarix İnstitutunda olub

Səfir İlqar Muxtarov AMEA Tarix İnstitutunda olub

Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda olmuş və İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovla görüş keçirib. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə səfir İlqar Muxtarovun fəaliyyəti dönəmində 2010-cu ildə Meksikada Xocalı faciəsi barəsində ispandilli iki sayt (www.justiciaparajodyali.org, www.justiceforkhojaly.mx) yaradılıb, 2012-ci ildə isə Meksikanın paytaxtı Mexiko şəhərində Tlakskoake – Xocalı meydanı istifadəyə verilmiş və meydanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Xocalı soyqırımı" abidəsi ucaldılıb.

Tarix İnstitutundakı görüşdə Latın Amerikası ölkələrində, o cümlədən Meksika, Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda ermənilərin apardığı antiazərbaycan kampaniyasına qarşı tarixçi alimlərin informasiya mübarizəsi məsələləri müzakirə olunub. Qərara alınıb ki, yaxın müddət ərzində "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabı, bundan əlavə İrəvan xanlığı tarixinə həsr olunmuş bir sıra broşürlər ispan dilinə tərcümə olunaraq Latın Amerikası ölkələrində yayılsın.

İlqar Muxtarov Yaqub Mahmudovla görüşdə Tarix İnstitutunun ispan dilinə tərcümə olunması nəzərdə tutulan kitabları ilə tanış olub və onların tərcümə olunub yayılması ilə bağlı bir sıra elmi-təşkilati məsələlər nəzərdən keçirilib. Göstərilən əsərlərin ispan dilində nəşrə hazırlanması və digər mühüm məsələlərin Tarix İnstitutunda həyata keçirilməsi barədə razılıq əldə olunub.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov İnstitutda bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü və çağırışları ilə aparılan işlər haqqında, çap olunmuş əsərlər barəsində ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə