Tarix İnstitutunun iclası keçirilib

Tarix İnstitutunun iclası keçirilib

İyunun 22-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən iclasda institut əməkdaşlarının xarici ölkələrə elmi ezamiyyətləri barəsində məlumatlar dinlənilib. Daha sonra direktor Y.Mahmudov əməkdaşların elmi ezamiyyətlərini xüsusi vurğulayaraq bildirdi ki, institut 2015-ci il üçün ən yaxşı vəziyyətdədir.

T.ü.f.d. Sevinc Əliyeva və t.ü.f.d. İlqar Niftəliyev Elmi Şurada 27-28 aprel tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutu tərəfindən təşkil olunmuş 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş "Ümumi Qələbə: tarix və yaddaş" mövzusunda II beynəlxalq elmi-praktik konfransda iştirakları barədə məlumat vermişlər.

Elmi Şurada institutun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Bəhramovun mayın 5-də AMEA RH və Respublika Əmək və Müharibə Veteranları Şurasının birgə keçirdiyi beynəlxalq elmi konfransda iştirakı barədə ətraflı məlumatı dinlənilib.

T.ü.e.d. İradə Bağırova və t.ü.f.d. Sahibə Budaqova isə 5-10 may tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərində II Dünya müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirakları barədə məlumat veriblər.

Elmi Şuranın iclasında həmçinin t.ü.e.d., prof. Şahin Fərzəliyev və t.ü.e.d. Qasım Hacıyevin 10-13 may tarixində Naxçıvan Dövlət Universiteti və Ağrı İbrahim Çeçen Universitetinin təşkil etdiyi "Naxçıvan və Şərqi Anadolu abidələri" adlı beynəlxalq elmi simpoziumda iştirakları barədə ətraflı məlumatı dinlənilib.

T.ü.f.d. Nigar Gözəlova 22 aprel-2 may tarixində Rusiyanın mədəniyyət paytaxtı olan Sankt-Peterburq şəhərində keçirilmiş "Asiya və Afrika dəyişən dünyada" adlı Asiya və Afrika ölkələrinin mənbəşünaslığı və tarixşünaslığı üzrə ənənəvi XXVIII beynəlxalq elmi konfransda iştirakı barədə məlumat verib.

Elmi Şurada t.ü.f.d. Dilavər Əzimli 6-8 may tarixində Türkiyə Cümhuriyyətinin Ərzurum şəhərində keçirilən "2. Uluslararası Türk-Ermeni İlişkileri ve Büyük Güçler Sempozyumu" adlı elmi konfransda iştirakı barədə ətraflı məlumat verib.

T.ü.f.d. Nigar Gözəlova, t.ü.f.d. Elvira Lətifova, t.ü.f.d. Arzu Məmmədovanın 12 iyun tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş "Rusiya qafqazşünaslığının ənənələri" adlı beynəlxalq elmi konfransda iştirakları barədə ətraflı məlumatları dinlənilib.

T.ü.e.d., prof. Tofiq Mustafazadə, t.ü.f.d. Sevinc Əliyeva və t.ü.f.d. Hacı Həsənov iyunun 19-da Dərbənd şəhərinin tarixinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirakları barədə ətraflı məlumat veriblər.

Tarix İnstitutu əməkdaşlarının iştirak etdiyi bu konfranslarda ermənilərin və ermənipərəst qüvvələrin antiazərbaycan kampaniyası dəlil və sübutlarla susdurulub. Yaqub Mahmudov yekunda bildirdi ki, bütün bunlar Azərbaycan tarix elminin informasiya müharibəsində böyük uğurudur.

Bütün xəbərlər Facebook səhifəmizdə