Yunus Oğuz
“Azərbaycanın geosiyasəti”

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Hörmətli professor Əli Həsənov Sovet dönəmindən yazmır, bunun da aydın olan səbəbi var, çünki Azərbaycanın geosiyasəti işğaldan sonra Sovet Sosialist Respublikaları İttifaqının yürütdüyü xarici və daxili siyasətin mühüm bir hissəsinə çevrilmişdi.

Bununla belə müəllif birinci bölməyə nikbin ovqatla yekun vurur: "Beləliklə, Birinci Dünya müharibəsinin son mərhələsində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin yerində yaradılmış Azərbaycan SSR 70 ildən çox bir müddət ərzində SSRİ tərkibində mövcud oldu və öz müstəqilliyi haqqında yenidən ayağa qalxmaq üçün məqam gözlədi və 1991-ci ildə SSRİ-nin dağılması belə bir fürsəti yaratdı. Sosializm sisteminin və SSRİ-nin süqutu bütün dünyanın, o cümlədən Azərbaycanın geosiyasi vəziyyətinə əsaslı təsir etdi, onun müstəqillik şanslarını yenidən ortaya qoydu. Dünyada yaradılmış yeni geosiyasi şərait Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini gündəmə gətirdi ki, xalqımız da bu imkandan istifadə etdi. Yenidən bərpa edilmiş və Azərbaycan Respublikası adlandırılan bu dövlət özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi, yürütdüyü siyasəti isə onun demokratik və dünyəvilik kursunun davamı elan etdi". (Bax, s. 85)

II fəsil haqqında xülasələr

Beləliklə, hörmətli professorumuz sovet dövrünə toxunmadan qüvvəti II fəsl- yenidən bərpa olunmuş Azərbaycanın geosiyasətinə yönəldir. Milli İnkişaf Strategiyasının müasir dövrdə daha ciddi əsaslarını diktə edir və Dövlətin Milli İnkişaf yolunu göstərir. Əslində mən fikirləşərdim ki, bir məmurun belə şeylər yazması təəccüblüdür, yəni o nöqteyi-nəzərdən ki, sıx və yoğun iş proqramı olan dövlət adamlarının doğurdan da zamanı yoxdur ki, strateji məsələlər haqqında oturub akademik yazılar yazsın, amma Əli Həsənov dövlətin gələcəyi üçün bunu da yazmağa borcludur və yazdı. Çünki ziyalı harda olmasından asılı olmayaraq dövlətin və millətin yaşam tərzini müəyyənləşdirməlidir.

Əslində II fəsildə göstərilən və bəhs edilən konsepsiya möhtəşəmdir. Belə ki, bu fəsil, yəni "Azərbaycan respublikasının müasir milli inkişaf siyasəti: xarakteristikası, əsas vəzifələri və tələbləri" konseptualdır və özündə çağdaş və gələcək milli təhlükəsizliyimizi əks etdirməklə yanaşı, həm də milli dövlət inkişafını əxz edir.

Müəllif qeyd edir ki, hər bir dövlətin daxili və xarici vəziyyətini, milli maraq dairələrini və onların təminatını, beynəlxalq aləm və region ölkələri ilə münasibətlərinin taktikasını, vəzifələrini, yollarını, vasitələrini və ehtiyatlarını, onu əhatə edən geosiyasi subyekt hərəkətlərini və buna müvafiq geosiyasi davranışını müəyyən edən Milli İnkişaf Strategiyası olur.

Eyni zamanda Milli İnkişaf Strategiyası ilk növbədə özündə Milli Təhlükəsizliyi ehtiva edir, çünki Milli Təhlükəsizlik olmadan onun Milli İnkişaf Strategiyası həyata keçə bilməz. Ona görə də Əli Həsənov Milli İnkişaf Strategiyasını aşağıdakı kimi təsnifatlaşdırır: "Milli İnkişaf Strategiyası ölkənin xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi geostrateji vəziyyətini, daxili iqtisadi, ictimai-siyasi və mənəvi inkişafını, spesifik xüsusiyyətlərini nəzərə almaqla ümumən:

* milli inkişafın və digər strateji vəzifələrin hərtərəfli elmi tədqiqini, əsaslandırılmasını, onların təmin olunması yollarının, vasitə və ehtiyatlarının tapılmasını;

* ölkənin milli inkişaf və təhlükəsizlik konsepsiyasının hazırlanması və bu əsasda praktiki siyasətinin formalaşmasını, onun əsas vəzifə tələblərinin müəyyən edilməsini;

* ölkənin milli inkişaf və təhlükəsizlik mühitinin müstəqillik, ərazi bütövlüyü, suveren idarəçilik, hərbi-strateji və sərhəd təhlükəsizliyinin, iqtisadi, siyasi, sosial-mədəni, informasiya, ekoloji inkişafın vacib tələblərinin öyrənilməsi və təmin edilməsi taktikasının hazırlanmasını;

* daxili və xarici siyasətin əsas tələblərinin, daxili miqrasiya, təbii ehtiyat, əmək insan və s. resurslarının səmərəli istifadəsi, qorunması, tənzimlənməsi və idarə edilməsi kimi vacib geosiyasi vəzifələrin əsaslandırılması və təminatı yollarının təklif edilməsini;

* ölkənin milli inkişaf və təhlükəsizlik mühitinin davamlı sabitliyinin, bu sahədə yürüdülən dövlət siyasətinin səmərəliliyinin, dayanıqlığının və müvəffəqiyyətinin təmin edilməsini;

* dövlətin və ictimai həyatın milli, hərbi, sərhəd, iqtisadi, sosial, informasiya, ekoloji, ərzaq, enerji, nəqliyyat-kommunikasiya kimi əhəmiyyət kəsb edən strateji sahələrində praqmatik milli inkişaf və təhlükəsizlik maraqlarının əsaslandırılması və təmin edilməsini;

* hərbi və sərhəd təhlükəsizliyi Doktrinasının hazırlanmasını;

* milli maraq ölçülərinin, milli təhlükəsizlik siyasətinin, onun əsas vəzifələrinin müəyyən olunması və mexanizmlərinin yaradılmasını;

* iqtisadi, enerji, resurs, ərzaq, nəqliyyat, infrastruktur, ekologiya, informasiya kimi sahələrin milli strategiyasının, təhlükəsizlik konsepsiyasının hazırlanması və həyata keçirilməsini;

* ölkənin geosiyasi kodunun, beynəlxalq və regional təhlükəsizlik sahəsində müvafiq xarici siyasət konsepsiyasının yaradılmasını və s. ehtiva edir". (Bax, s. 91-93)

Göründüyü kimi Milli İnkişaf Strategiyası dövlətin, millətin və cəmiyyətin bütün sahələrini özündə əks etdirir və konseptual baxımdan çox dolğundur.

Təbiidir ki, bu strategiya, yəni Milli İnkişaf Strategiyasının əsas vəzifəsi mövcud dövləti yaratmaq, gücləndirmək, inkişaf etdirmək və gələcək etibarlı əllərə ötürməkdir. Bu strategiya konsepsiyası buna xidmət edir.

Müəllif bunu xüsusi qeyd edir və üç əsas irəli sürür. O yazır ki, bunlar:

* müstəqillik üçün mövcud daxili və xarici siyasətin yetişməsi;

* müstəqillik qazanmaq, onu yaşatmaq üçün xalqın milli iradəsinin ortaya qoyulması və vahid milli məqsəd ətrafında birləşməsi;

* həmin dövr üçün millətin vahid milli ideyasının və iradəsinin daşıyıcısı rolunu oynayan, insanları səfərbər edərək öz arxasınca aparmaq gücünə və qabilliyətinə malik, cəmiyyətin əksər təbəqələrinin qəbul etdiyi milli liderin olmasından ibarətdir.

Məlumdur ki, Əli Həsənovun qeyd etdiyi Milli İnkişaf Strategiyasının konsepsiyasının həyata keçirilməsi üçün müstəsna liderlik xüsusiyyətinə malik olan şəxsiyyət gərəkdir, çünki milli lider olmadan, yaxud qəbul edilmədən bütün yuxarıda sadalanan prinsiplər kağız üzərində qalacaq.

Milli lider qeyd olunan strategiyanın konsepsiyasının təminatı üçün ilk növbədə aşağıdakı prinsiplər həyata keçirilməlidir.

* dayanıqlı iqtisadi inkişaf yaratmalı;

* dayanıqlı iqtisadi inkişafın hesabına ordunu gücləndirməli və ərazi təhlükəsizliyini təmin etmək, eyni zamanda sənaye müdafiəsini dayanıqlı iqtisadi inkişafa daxil etməli;

* dayanıqlı iqtisadi inkişafın əsasında dövlət və milli maraqlar əsas olmaqla fəal və balanslaşdırılmış xarici siyasət yürütmək;

* ölkə daxilində bütün təbəqələr siyasi partiyalar və qeyri-hökumət təşkilatları arasında vətəndaş həmrəyliyinə nail olmaq.

Bəs bütün bunları həyata keçirmək üçün lider hansı keyfiyyətlərə və xüsusiyyətlərə malik olmalıdır? Bu barədə müəllif xüsusi olaraq qeyd edir: "Siyasətşünaslar şəxsiyyətin (liderin) xalqların və toplumların milli "özünü müəyyən etməsi və ya milli kimliyi" milli dövlət quruculuğu və milli inkişafındakı tarixi rolunun ölçü meyarlarını onun mövcud zaman və məkan çərçivəsindəki milli ideya və milli iradə daşıyıcısı kimi çıxış etməsi, bu missiyanı icra etmək gücünə və keyfiyyətinə, geniş və hərtərəfli dünyagörüşünə malik olması, yerli, regional və beynəlxalq geosiyasi mühitdən baş çıxarması və nəhayət, cəmiyyətin ictimai dəstəyini qazanması ilə müəyyənləşdirirlər. (Bax, s. 95)

Bütün xəbərlər Facebook səhifəmizdə