“Yaşıl Məktəb”in əhatəsi genişlənir FOTOLAR

“Yaşıl Məktəb”in əhatəsi genişlənir FOTOLAR

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yaşıl məktəb" layihəsinin 2-ci mərhələsini davam etdirir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Regionlarda məktəblilərin yay tətilinin səmərəli təşkili, habelə ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və orada təhsil alanların rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq məqsədi daşıyan layihə Gəncə, Mingəçevir və Ağcabədidə icra olunur.

Layihənin ilkin mərhələsində adları çəkilən regionların orta məktəblərində ekoloji maarifçilik işini yüksəltmək məqsədilə təlim proqramı təşkil olunmuş, məktəblilərdən ibarət işçi qruplar formalaşdırılmışdır.

Yeni mərhələdə isə hər bir regionun 10 məktəbində məktəblilərin iştirakı ilə ekoloji aksiyaların keçirilməsinə, iməcliklərin təşkil olunmasına və digər tədbirlərin keçirilməsinə başlanılmışdır. Artıq Ağcabədi rayonunda məktəblilərin hazırladıqları yüzlərlə quş yuvası təhsil ocaqlarının həyətində və onların ətrafında xüsusi yerlərə bərkidilmişdir.

Məktəblilərin ekoloji təfəkkürünü artırmaq və cəmiyyətə ekologiyanın qorunması üçün konkret mesajlar vermək məqsədilə açıq havada rəsm müsabiqələri də keçirilmişdir.

Hazırda müvafiq işçi qruplar tərəfindən hədəf məktəblərdə ekoloji divar qəzetlərinin hazırlanması həyata keçirilir. Yeni tədris ilinin başlanğıcından bu qəzetlər məktəblilərlə yanaşı, yerli əhalinin də ekoloji maariflənməsinə xidmət göstərəcək. Bunun üçün ekoloji divar qəzetləri məktəblərin həyətlərində və binanın daxilində asılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə