Bəndəsərin işıqlı günləri

Müalicəvi suları ilə məşhur olan İstisu yaxınlığında yerləşən Səncərədi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bəndəsər yaşayış məntəqəsində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin səyyar qəbulu və görüşü keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, İcra nümayəndəsi Zaur Həsənov çıxış edərək 35 təsərrüfatı və 200 nəfərə yaxın əhalisi olan Bəndəsər yaşayış məntəqəsində son aylarda görülən işlər barədə məlumat verib. Ucqar ərazidə yerləşməsinə baxmayaraq bu yaşayış məntəqəsinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Ərazidə Su Elektrik Stansiyasının tikintisinin aparılması xeyli kənd sakininin işlə təmin olunmasına şərait yaradıb.

Bəndəsər sakinlərindən Barat İmaməliyev, Xanış Bayramov, Elman Əliyev, Heybət Şiriyev, Solmaz Məcidova, Şahüseyn Əhədov, Hədiqə Əliyeva, Nuridə Eyvazova, Aynur Eyvazova və başqaları çıxış edərək ucqar ərazidə yerləşən yaşayış məntəqəsinin sakinləri ilə görüşə gəldiyinə görə icra başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə nəinki paytaxt və iri şəhərlərdə, hətta ən ucqar əyalətlərdə belə geniş abadlıq və quruculuq işləri aparılır. Nümayəndəliyin ərazisində - Artupa kəndində yeni məktəb binası, Səncərədi kəndində uşaq bağçası, Züngüləş kəndində Su Elektrik Stansiyası tikilir. Bəndəsər əhalisi əvvəllər təsəvvürünə belə gətirməzdi ki, bu əraziyə təbii qaz xətti çəkilə bilər. İndi kənd əhalisi təbii qazdan istifadə edir. Çıxış edənlər bütün bunlara görə ölkə başçısı cənab İlham Əliyevə bütün sakinlər adından minnətdarlıqlarını və hədsiz məhəbbətlərini diqqətə çatdırıblar.

Səyyar qəbulda çıxış edənlər ərazidə əhalinin istifadə etdiyi körpünün və yolun təmiri, pay torpaqlarının yerinin dəqiqləşdirilməsi, Bəndəsər yaşayış məntəqəsinə qədər avtobus marşrutunun açılması, sosial yardım və digər məsələlərin həllinə kömək göstərilməsi barədə təkliflər irəli sürüblər.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək təbiətin gözəl guşəsində yerləşən bu yaşayış məntəqəsində heyvandarlığın, sitrusçuluq və arıçılığın inkişafı sahəsində kənd sakinlərinin qazandığı uğurlardan razılığını ifadə edib. Ötən səyyar qəbuldan sonra Bəndəsər əhalisinin təbii qazla təmin olunması üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırdığını və icrası üçün konkret tədbirlər görüldüyünü diqqətə çatdırıb. Körpünün təmiri və avtobus marşrutunun açılması, digər mövcud problemlərin həlli istiqamətində konkret tədbirlər görüləcəyini bildirib. İcra başçısı ulu öndər Heydər Əliyevin siyasətini uğurla yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın sürətli inkişafından, bütün dünyada Azərbaycanı tanıdan və nüfuzunu daha da artıran "Bakı-2015" Birinci Avropa Oyunlarında idmançılarımızın qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

İcra başçısı Qəzənfər Ağayev səyyar qəbul görüşdən sonra İstisu ərazisində tikilən Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə