İran Bakıda möcüzə zavodu açır

İran Bakıda möcüzə zavodu açır

İranın Qırmızı Aypara Cəmiyyətinin Tibbi Təchizat Təşkilatı Azərbaycanda bitki ekstraktlar və yağları istehsalı zavodu açmağı planlaşdırır. Müəssisədə 3 çeşiddə (ekstraktlar, krem və çaylar) məhsul istehsal olunacaq. İstehsal olunan məhsulların gələcəkdə xaricə ixrac olunması da planlaşdırılır. Bundan əlavə, zavod əsasən Azərbaycanda və qonşu ölkələrdə dərman preparatları istehsal edən digər zavodları lazımi xammal ilə təmin etmək gücündə olacaq.

Tibbi ekspertlər bu təşəbbüsü müsbət qarşılayır, bunun reallaşdırılmasının ölkəmiz üçün faydalı olacağını düşünürlər. Onların fikrincə, bitki tərkibli dərmanların ölkəmizdə istehsal olunması çox faydalıdır. Bu həm yeni istehsal sahəsinin yaranması, yeni iş yerlərinin açılması, həm də bu sahəyə marağın artmasına təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycan dədə-babalarımızın vaxtilə istifadə etdikləri, min dərdin dərmanı sayılan bitkilərlə zəngindir. Xammal kimi bu bitkilərdən istifadə xaricdən gətirilən, tərkibi bilinməyən kimyəvi maddələrdən hazırlanan dərmanların azalmasına, dərman preparatlarının qiymətinin aşağı düşməsinə səbəb ola bilər.

SİA-nın məlumatına görə, İranın Qırmızı Aypara Cəmiyyətinin Bakı nümayəndəliyindən bildirilib ki, bu məsələ gündəlikdə saxlanılır. Tehranda bitki dərmanları istehsalı ilə məşğul olan zavod mövcuddur. Onun rəhbərliyi Azərbaycan nümayəndələri ilə görüşlər keçirib və belə bir təşəbbüslə çıxış edib ki, burada müəssisə yaradılsın. Təbii ki, indi Azərbaycan inkişaf edir, burada hər cür şərait var. Ona görə həmin zavodun burada da yaradılması faydalı olar. Məqsəd kimyəvi tərkibli deyil, bitki tərkibli dərman preparatlarının istehsalıdır. Azərbaycanın çox gözəl təbiəti var, zəngin landşafta malikdir. Burada həm xammal, həm də istehsalat baxımından çox gözəl imkan mövcuddur.

İndi xəstələnən insanlar kimyəvi tərkibli dərmanlardan istifadə etmək istəmirlər. Amma bəzən buna məcbur olurlar, çünki alternativ yoxdur. Amma alternativlik olsa, insanlar bitkidən hazırlanan dərman vasitələrinə üstünlük verəcəklər. Bakıda istehsalı nəzərdə tutulan dərmanlar əsasən mədə-bağırsaq, böyrək, burun-boğaz, şəkər və digər xəstəliklərin müalicəsində istifadə olunacaq. Zəngin tərkibli xüsusi çaylar da hazırlanacaq. Bu, İranda özünü doğruldub.

İstehsal olunacaq dərman maddələrinin beynəlxalq standartlara uyğunluğuna gəlincə, İran müəssisəsi beynəlxalq lisenziyaya sahibdir. Müvafiq dövlət orqanlarının lisenziyası əsasında Bakıda fəaliyyət göstərəcək istehsal müəssisəsinin məhsullarının beynəlxalq standartları olacaq. Bu məsələnin reallaşdırılması üçün yaxın aylarda İrandan Azərbaycana xüsusi nümayəndə heyəti gələcək.

Bir sözlə, bu sahədə müəssisənin yaranması həm yenilik olacaq, həm də dövlət səviyyəsində əməkdaşlığın inkişafına xüsusi töhfə verəcək.

Qeyd edək ki, hazırda İranda zavod ekstraktların istehsalı və satışı sahəsində ölkə bazarının 70 faizini təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə