Yalan “Doğan” Media qrup...

Türkiyənin ən böyük media təsisatlarından olan "Doğan Media Qrupu" Azərbaycan əleyhinə təbliğatına ara vermir. Qardaş ölkədəki erməni mətbuatı ilə yanaşı, Doğana məxsus KİV-lər də ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilir. Paytaxtımızın ilk Avropa Oyunları kimi mötəbər multi-idman yarışına ev sahiblik etdiyi bir dövrdə, Qərb mətbuatının ölkəmiz əlyehinə apardığı kampaniyaya "Doğan"çılar da qoşulub.

"Kanal D", CNN Turk kanalları, "Hürriyet", "Radikal" və digər nəşrlərin daxil olduğu media qurumu Azərbaycana qarşı açıq-aşkar erməni mövqeyini sərgiləyir. Bir faktı xatırlatmaq kifayət edər. Ötən il Azərbacan ordusu tərəfindən Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin Ağdam ərazisində məhv edilməsi CNN Turk kanalının efirində "Azərbaycan Dağlıq Qarabağa aid savaş helikopterini düşürdü" başlığı ilə təqdim edilmişdi. Bundan açıq-aydın görünür ki, kanal Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən xəbəri yayarkən yalnız erməni mənbələrinə istinad edir.

Və ya, Türkiyənin Ermənistanla sərhədlərinin açılması çağırışlarını edən "Doğan"çılar buna qarşı çıxan rəsmi Ankaranı "Azərbaycanın təsiri altında qalmamağa" çağırırdı.

Onu da qeyd edək ki, bu qrupa daxil olan KİV-lər üçün türkçülük dəyərləri tamamilə yaddır və türk dünyasının birliyi qətiyyən qəbul edilmir. Anti-Türk və anti-Azərbaycan mövqeyi sərgiləyən "Doğan Media Qrupu" əslində Qərb dairələri tərəfindən idarə olunur və 5-ci kolon qismində çıxış edərək öz maraqlarını həyata keçirməyə çalışır. Təsadüfi deyil ki, bu media orqanlarında vaxtaşırı olaraq Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətləri və strateji tərəfdaşlıq əlaqələrinə qarşı məlumatlar yayılır.

Əslində, bəlkə də, "Doğan Media Qrupu"nun iki qardaş ölkə əleyhinə fəaliyyətini yeni bir hadisə kimi qəbul etmək lazım deyil. Demokratiya və söz azadlığı kimi dəyərləri əldə bayraq edən böyük güclər daim bu cür media orqanlarına maddi dəstək verərək dövlətlərə təzyiq etməyə çalışırlar. Amma Türkiyə-Azərbaycan birliyi ayrı-ayrı "doğanların" və onların sifarişçilərinin sarsıda biləcəyi birlik deyil. Bu birliyin qarşısında onlar acizdirlər...

Bütün xəbərlər Facebook səhifəmizdə