Fuad Əlizadə: “İstehsalatda bədbəxt hadisələrin sayı 44 faiz azalıb” AÇIQLAMA
"Ölkəmizdə iş yerlərində təhlükəsizlik sahəsində təsirli inzibati tədbirlərlə yanaşı, təbliğat-maarifləndirmə işləri də aparılır". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bu gün Avropa İttifaqının Əməyin Mühafizəsi Agentliyi ilə birgə "Tikintidə və iqtisadiyyatın digər sahələrində əməyin mühafizəsi" mövzusunda keçirilən seminarda jurnalistlərə verdiyi açıqlamasında deyib.
O qeyd edib ki, ötən illə müqayisədə tikintidə zərər çəkən insanların sayı azalır. Bu azalma artıq 44 faiz səviyyəsində müşahidə olunur: "Ötən ilin sentyabrından respublikada Təhlükəsiz iş həftəsi, Təhlükəsiz iş ongünlüyü, Təhlükəsiz iş aylığı kimi tədbirlər keçirilib. Bütün bu işlərin müsbət nəticəsi kimi, Azərbaycanda istehsalat qəzalarının, həmin qəzalar zamanı zərərçəkən şəxslərin sayı getdikcə azalır. Məsələn, 2015-ci ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 44 faiz, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47,2 faiz, xəsarət alanların sayı isə 2,1 dəfə azalıb. 2014-cü ilin 5 ayında qrup halında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə baş verməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB