Xəbər verdiyimiz kimi, iyunun 15-də Naxçıvan şəhərindəki muxtar respublika stadionunda Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub. Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün şəhər və rayon mərkəzlərində bayram konsertləri keçirilib.
Muxtar respublikanın ən böyük rayonlarından biri olan qədim Şərurda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub. Bakıdan dəvət olunmuş muğam müsabiqəsi qalibləri Ehtiram Hüseynovun, Nigar Şabanovanın, müxtəlif müsabiqələrin iştirakçısı Tamara Muradovanın, rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin və "Yallı" ansambllarının ifaları şərurlular tərəfindən böyük alqışlarla qarşılanıb.
İyunun 15-də Babək rayonunun Babək qəsəbəsində Milli Qurtuluş Günü münasibətilə təşkil olunan konsertdə Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın, müğənni Sədaqət Ulduzun ifasında Ulu Öndərimizə, onun işıqlı ideyalarına, Azərbaycana, müstəqilliyimizə, xalqımızın şanlı tarixinə, yurdumuzun gözəlliklərinə həsr olunan mahnılar səsləndirilib. Babək Rayon Mədəniyyət Evinin "Zabul" instrumental ansamblının müşayiətilə ansamblın solistlərindən Samir İsmayılovun, Mais Əliyevin ifasında səslənən şux mahnılar konsert iştirakçılarına xoş ovqat bəxş edib.
Ordubad şəhərində Milli Qurtuluş Gününə həsr olunan bayram tədbirində Ordubad Rayon Mədəniyyət Evinin "Dübəndi" instrumental ansamblının və rayonun mədəniyyət müəssisələrində fəaliyyət göstərən musiqi kollektivləri üzvlərinin ifasında bir-birindən rəngarəng mahnılar, rəqslər ifa edilib.
Milli Qurtuluş Günü münasibətilə Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsində də konsert təşkil olunub. Təntənəli tədbirdə tanınmış müğənni Vüsal Əliyevin, müxtəlif müsabiqələrin iştirakçıları Zeynəb Əsmərlinin, Gözəlxanım Zeynalovanın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
İyunun 15-də Culfa rayonunda da Milli Qurtuluş Günü qeyd olunub. Axşam saatlarında təşkil edilən bayram konsertində Azərbaycanın xalq artisti Gülyaz Məmmədovanın, Culfa rayonundakı mədəniyyət müəssisələrinin musiqi kollektivlərinin çıxışları rayon sakinləri tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü Şahbuz rayonunda da geniş qeyd olunub. Şahbuzda keçirilən bayram şənliyində Azərbaycanım xalq artisti Mələkxanım Əyyubovanın, rayon Mədəniyyət Evinin "Batabat" ansamblının solistlərinin ifasında ulu öndərimiz Heydər Əliyev, milli qurtuluşumuz, müstəqilliyimizlə bağlı mahnılar insanlarda böyük coşqu yaradıb.
Sərhəd bölgəsi olan Sədərək rayonunda da 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil edilib. Konsertdə vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB