“Ailə münaqişələrində köhnə stereotiplərin rolu”

Mövzu şuranın dəstəyi ilə Daşkəsəndə müzakirə olunub
“Ailə münaqişələrində köhnə stereotiplərin rolu”

Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Daşkəsən rayonunda keçirib. SİA-nın verdiyi məlumata görə, layihənin rəhbəri, HDİM sədri İlham Əliyev deyib ki, son illər artmış boşanmaların əsas səbəblərindən biri də məişət zorakılığı, qadınlara qarşı şiddətin artmasıdır.

Onun sözlərinə görə, daha çox təhsilsiz, işləməyən qadınlar məşiət zorakılığına məruz qalırlar. İşləyən qadınlar cəmiyyət arasına çıxır, hüquqlarını bilir, qismən də iqtisadi azadlıq əldə edirlər: "Qadını zorakılığa məruz qoyan kişilərin adətən arqumenti "Mən bütün günü işləyir, ailəni saxlayıram" olur. Qadını işləməyə qoymayan kişilərin çox hisisəsi bunu qısqanclıqdan, bir hissəsi qadının iqtisadi cəhətdən azad olmasından çəkindiyi üçün edir. Qadına qarşı münasibəti köhnə streotiplər də müəyyənləşdirir. Cəmiyyətdə daşlaşmış fikir var ki, qadının əsas vəzifəsi uşaq doğmaq, uşaq saxlamaq, ailəsinə baxmaq, ərə qulluq və mətbəxdir. Doğrudur, bu işlər əsasən qadınların görəcəyi işlərdir. Ancaq mədəni ailə başçısı bu işlərdə həyat yoldaşına kömək etməli, qadına qul və ya robot kimi baxmamalıdır. Ali təhsilli qadın təkcə ailəsinə deyil, cəmiyyətə lazım ola bilər. O, savadlı həkim, müəllim, mühəndis, iqtisadçı kimi cəmiyyətə xidmət edə bilər".

Qeyd olunub ki, bəzi kişilər qadına münasibətdə mühafizəkar və köhnəfikirli valideynlərinin tərəfini tutur, bu da qadına qarşı psixoloji təzyiqə səbəb olur. Bəzən qadına qarşı şiddəti dinlə, şəriətlə əlaqələndirirlər. Ancaq Müqəddəs dinimiz islam qadına qarşı təzyiqi pisləyir. Peyğmbərimiz Məhəmməd əleyhissalamın kəlamlarında anaya, qadına qarşı hörmət qırmızı xəttlə keçir. İslam şəriəti qadına hörmət etməyi, onu qorumağı buyurur.

Bütün xəbərlər Facebook səhifəmizdə