Bakı 2015 İlk Avropa Oyunlarının açılış mərasimini lənkəranlılar böyük coşqu ilə qarşılayıb. Sadə vətəndaşlar rayonun müxtəlif yerlərində bu möhtəşəm tədbirə dəstək məqsədilə bir yerə toplaşıblar. SİA-nın Cənub bürosunun məlumatına görə, ölkəmizin paytaxtında yüksək səviyyəli idman bayramının açılışı günü Lənkəranda bir sıra tədbirlərlə yadda qalıb. Şəhərin "Dostluq" parkında gənclər bayram şənliyi təşkil edib. Şənliyə qoşulan gənclər idman yarışlarının siyasi deyil, dostluq, ünsiyyət vasitəsi olduğunu göstətməyə çalışaraq məqsədlərinə nail ola biliblər. Qısa bir müddətdə təşkil olunan əyləncəli tədbirə xeyli sayda şəhər sakini toplaşıb. İstedadlı gənclər öz bacarıqlarını nümayiş etdiriblər. Şənliyə toplaşanlar dünya tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsindən qürur duyduqlarını və bundan sonra keçiriləcək növbəti belə yarışların məşəlinin məhz ölkəmizdə alovlandırılacağından fərəh hissi keçirdiklərini bildiriblər.
Rayonun İstisu qəsəbəsində yenidən qurulmuş "Yaşıl çay" evində əsil bayram əhval-ruhiyyəsi hökm sürüb. Burada qurulan monitordan "Bakı-2015" İlk Avropa Oyunlarının açılış mərasimini səbirsizliklə gözləyən qəsəbə sakinləri, qonaqlar unudulmaz anlar yaşayıblar. Açılış mərasiminin izlənməsi üçün bir araya gələn sakinlər bu tarixi anları sürəkli alqışlarla qarşılayıblar.
Dövlət Himninin səslənməsi ilə hamı ayağa qalxıb. Gənclərin iştirakı ilə birinci Avropa Oyunlarının loqosunun əks olunduğu tort kəsilib. Tədbirə qatılanlar Birinci Avropa Oyunlarının açılış mərasimini sona qədər böyük maraq və diqqətlə izləyiblər.
Sərraf Mirsəfəroğlu







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB