"Bakı-2015"in açılışından möhtəşəm görüntülər YENİ

"Bakı-2015"in açılışından möhtəşəm görüntülər YENİ

"Bakı-2015" I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, bir çox ölkələrin dövlət başçıları və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də iştirak edib.

Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tədbir iştirakçılarını salamlayıb. O, "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimi münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyeva Azərbaycanın Avropanın tarixində yeni səhifə yazdığını qeyd edib. Azərbaycanın birinci xanımı "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin az vaxtda yüksək səviyyədə işlər həyata keçirdiyini deyib. O, Təşkilat Komitəsi ilə əməkdaşlıq edən yerli və xarici tərəfdaşlara, könüllülərə minnətdarlığını bildirib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün bütün Avropa böyük tarixi idman hadisəsinə şahidlik edir. O, Azərbaycanda idmanın inkişafına xüsusi önəm verildiyini və ölkəmizdə idmana və idmançılara yüksək qayğı göstərildiyini qeyd edib. P. Hikki I Avropa Oyunlarının xalqları dostluğa və sülhə səslədiyini deyib.

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı-2015" I Avropa Oyunlarını açıq elan edib.

Muğam ustası Alim Qasımov çıxış edib. Möhtəşəm kompozisiya ilə Azərbaycanın xalq mahnısı "Sarı gəlin" səsləndirilib.

Səhnəyə yazın gəlişini simvolizə edən Novruzu, "küləklər şəhəri" Bakını, Yanardağı, Qobustan heroqliflərini təcəssüm etdirən insanlar çıxıb. Onların bəşərin birliyə və anlaşmaya ehtiyacı olduğunu xatırladıblar. Mərasimin sonunda bu axşamın 2000 nəfər ifaçısı səhnəyə toplaşaraq mərasimi sevinclə təntənəli şəkildə başa çatdırıblar. Onlar əl-ələ verərək Azərbaycanın milli rəqsi "Yallı" oynayıblar və möhtəşəm atəşfəşanlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə