Daşkəsəndə Milli Qurtuluş günü münasibətilə möhtəşəm tədbir keçirildi

Əhəd Abıyev: "Milli qurtuluşdan başlanan yol Azərbaycanı firəvan gələcəyə doğru aparır"
Daşkəsəndə Milli Qurtuluş günü münasibətilə möhtəşəm tədbir keçirildi

Daşkəsən rayonunda 15 İyun - Milli Qurtuluş günü silsilə tədbirlərlə qeyd edilib. Daşkəsənlilər bu əlamətdar günə böyük coşqu ilə, ciddi hazırlaşıblar. Belə ki, Daşkəsən rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, bir sözlə, bütün yaşayış məntəqələrində toplantılar, dəyirmi masalar keçirilib, ümumtəhsil məktəblərindən şagird və müəllim kollektivlərinin rayonun Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunub. Yaşayış məntəqələrinin hər birində bu əlamətdar gün münasibətilə iməciliklər keçirilib, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması işləri aparılıb.

Dünən 15 iyul Milli Qurtuluş Günü ilə bağlı keçirilə ümumrayon tədbirin iştirakçıları rayonun mərkəzində əbədiyaşar Ulu Öndər Heydər Əliyevin abidə kompleksini ziyarət edib, heykəlin önünə gül-çiçək dəstələri düzüb, Heydər Əliyev Mərkəzini ziyarət ediblər. "Yeni həyat" sarayında davam edən tədbiri Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq əlamətdar gün münasibətilə tədbir irştirakçılarını təbrik edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. Ə.Abıyev bildirdi ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir: "Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur".

Ə.Abıyev çıxışı zamanı vurğuladı ki, xalqımız əsrlər boyu müstəqillik uğrunda şərəfli mübarizə aparmışdır: "Bu şərəfli mübarizə özünün mükəmməl təntənəsinə məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, idarəçilik və dövlətçilik bacarığı sayəsində çatmışdır. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan özünün dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin bu müstəqilliyi, azadlığı daxili və xarici düşmənlərimiz hər vasitə ilə boğmağa, müstəqil Azərbaycan Respublikasını iflic vəziyyətə salmağa çalışırdılar. Həmin dövrdə ölkədə siyasi və iqtisadi böhranlar, xaos, özbaşınalıq baş alıb gedirdi. Bu cür gərgin məqamda xalq Naxçıvan Muxtar Respublikasında qısa vaxt ərzində sabitliyi, əmin-amanlığı, dinc yaşayışı təmin edən geniş və hərtərəfli dövlətçilik təcrübəsinə malik olan Ümummilli Liderə - Heydər Əliyevə üz tutdu. Bu çağırışlara Heydər Əliyev dəfələrlə münasibət bildirərək, mətbuatda bəyanat verib demişdi: "Ölkənin bu ağır dövründə hansısa bir dövlət çevrilişinə cəhdə yol vermək olmaz... Mən xalqı birliyə dəvət edirəm".

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Ə.Abıyev bildirdi ki, həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi, 1993-cü il iyun ayının 9-da Bakıya gəldi: "Dahi Öndər Heydər Əliyevin həmin gün Bakıya dönüşü adi dönüş deyildi. Bu, bir XİLASKARIN gəlişi idi. Məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı, həmin gün xalqımızın tarixinə milli qurtuluş kimi daxil odu. Bu, adi qurtuluş, adi xilasetmə deyildi. Bu, Azərbaycanın müstəqilliyinin qorunması və əbədiliyə çevrilməsi, dönüş və yüksəlişin təməlinin qoyulması demək idi".

Ə.Abıyev onu da vurğuladı ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli xahiş və tələbindən sonra Bakıya gəldi. Xalqın səsinə səs verdi: "Ulu Öndər öz çıxışında sonralar belə qeyd edirdi: "Müstəqilliyi elan etmək asan, ancaq onu qorumaq olduqca çətindir. Mən bir vətəndaş kimi də, Prezident kimi də Azərbaycan dövlətinin keşiyində durmuşam, duracağam. Bu yolda hər gün, hər an şəhid olmağa hazıram".

Ə.Abıyev onu da qeyd etdi ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib: "İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Bu günlərdə Avrasiya İttifaqının Ali Sammitində Ermənistanın aldığı öldürücü zərbə Heydər Əliyev siyasi kursunun sağlamlığını, xalqın maraqlarına hesablandığını bir daha ortaya qoydu. Ümummilli Lider Heydər Əliyev siyasi kursunu bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. Son prezident seçkiləri bu siyasi kursa xalqın güvəndiyini, Ona dərindən inamını parlaqlığı ilə göstərdi. Biz daşkəsənlilər bu kursu dəstəkləyənlərin ən öncülləri sırasındayıq. Artıq Azərbaycan Ulu Öndərimizin müdrik siyasəti nəticəsində dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli iqtisadi-siyasi əlaqələr qurmuş, müqavilələr imzalamış, Qədim İpək Yolu kimi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri kimi əvəzsiz töhfələrlə xalqımızın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirmişdir. Ölkədə demokratik seçkilərin əsasını qoymuşdu. Bu gün dünya şöhrətli siyasətçi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ulu Öndərimiz Heydər Əliyevin inkişaf strategiasını uğurla davam etdirməsi xalqımıza, ölkəmizin müstəqilliyinə yeni-yeni nailiyyətlər bəxş etmişdir. Azərbaycan təkcə regionun deyil, eləcə də dünyanın lider dövlətləri sırasına çıxmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi üçün qeyri-neft sektorunun inkişafı, iqtisadi kapitalın insan kapitalına çevrilməsi üçün böyük tədbirlər həyata keçirir. Eyni zamanda, regionların inkişafı üçün də münbit şərait yaratmış, regionlarda yeni-yeni infrastrukturun yaradılmasına nail olmuşdur. Daşkəsən rayonu da Cənab Prezidentin diqqətindən yayınmamışdır. İndi rayonumuzda son üç il ərzində 9 məktəb tikilmiş, 2 uşaq bağçası əsaslı təmir edilmişdir. Şəhərin girəcəyində müasir tipli yeni avtovağzal binası inşa edilmiş, rayon icra hakimiyyətinin yeni inzibati binasında son tamamlama işləri görülməkdədir. Yaxın vaxtlarda 16 məktəbin tikilməsinə və əsaslı təmirinə başlanılacaqdır. Zağalı-Kollu-Çıraqlı yeni yol tikintisinin sürəti günbəgün

artmaqdadır. Hazırda rayonumuzda böyük bir tikinti-quruculuq, yenidənqurma işləri gedir. Daşkəsən əsl tikinti meydançasına çevrilmişdir. Bu əzəmətə, bu yüksəlişə, bu fəxarətə min alqışlar olsun. Son aylardan bəri Daşkəsəndə günbəgün yeni infrastrukturlar yaradılır, yollar inşa edilir, sosial obyektlər tikilir. Bir sözlə, elə bir sahə yoxdur ki, o sahədə quruculuq işləri, islahat aparılmasın. Möhtərəm Prezidentimizin qayğısı və rəhbərliyi ilə bizim məqsədimiz yeni Daşkəsən qurmaqdır. Biz daşkəsənlilər bu qayğıya, bu diqqətə böyük minnatdarlıq hissi ilə yanaşırıq. Çünki müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir. Milli qurtuluşdan başlanan yol Azərbaycanı firəvan gələcəyə doğru aparır. Nə qədər müstəqil Azərbaycan xalqı varsa, Heydər Əliyev də olacaqdır!"

Ümumrayon tədbiri rayonun tanınmış incəsənət ustalarının musiqi nömrələri ilə davam etdirildi.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə