Astarada Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirildi

Astarada Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirildi

İyunun 11-də Astarada Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev gündən-günə inkişaf edən, gözəlləşən, böyük tarixi inkişaf yolunda olan, doğma Vətənimizin - Azərbaycanımızın hər yerində 15 iyun "Qurtuluş günü"nün 22-ci ildönümünün böyük bayram təntənəsi ilə qeyd edildiyini bildirib. O, 22 il bundan öncə baş verənlərin - 1993-cü ilin qan-qadası, ağrı acısı, qardaş qırğını, adamların günahsız ölümünün uzun müddət bu xalqın yaddaşından silinməyəcəyini, müstəqil Azərbaycanı öz mənafeyinə uyğun parçalamaq, bir dövlət kimi yox etmək istəyən qara niyyətlilərin çirkin arzusunun gözlərində qalacağını vurğulayıb.

Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışan, Ulu öndərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan natiq bu gün Ulu Öndərimizin siyasətini uğurla həyata keçirən Heydər Əliyev siyasi məktəbinin davamçısı, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində doğma Azərbaycanımızın gündən-günə çiçəkləndiyini, inkişaf etdiyini, bütün sahələrdə dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırıb.

İcra başçısı Azərbaycanın ictimai-siyasi və idman tarixinə şanlı səhifə açan "Bakı-2015" I Avropa oyunlarının açılış mərasiminin Qurtuluş günü ərəfəsinə təsadüf etməsi xalqımızın, o cümlədən, astaralıların bayram əhval ruhiyyəsini artırdığını qeyd edərək, hamını bu bayramlar münasibəti ilə təbrik edib, ölkəmizi təmsil edəcək idmançılarımıza qələbələr arzulayıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə