Böyük Britaniya parlamentinin "The House" jurnalında birinci Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib. "Bakı-2015" Azərbaycanı beynəlxalq idman nailiyyətində ön cərgəyə çıxarır" sərlövhəli məqalədə bu il iyunun 12-28-də Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları haqqında ətraflı məlumat verilir, bu genişmiqyaslı tədbirin əhəmiyyəti diqqətə çatdırılır. Avropanın 50 ölkəsindən 6 min atletin idmanın 20 növü üzrə qüvvələrini sınayacaqları Oyunların tarixə düşəcəyi vurğulanır, həmçinin yarışların uğurla keçəcəyinə əminlik ifadə edilir. Məqalənin azərbaycanlı oxucular üçün maraqlı olduğunu nəzərə alaraq, onun tam mətnini təqdim edirik.
Azərbaycanın paytaxtı Bakı iyunun 12-28-də ilk Avropa Oyunlarına ev sahibliyi zamanı 50-dək Avropa ölkəsindən 6 mindən çox atleti salamlamağa hazırlaşır.
Bu mötəbər çoxnövlü idman tədbiri Asiya, Panamerika, bütün Afrika və Sakit okean hövzəsi Oyunlarının ardınca keçirilən son kontinental oyundur və Olimpiya Oyunları ilə eyni qaydada - hər 4 ildən bir keçiriləcək.
"Bakı-2015" Azərbaycanın beynəlxalq atletlər üçün dünyanın aparıcı məkanı olaraq yerini möhkəmləndirəcək. 2016-cı ildə isə Bakı Avropa Qran-pri yarışına ev sahibliyi edərkən "Formula 1"-in səsi şəhərdə əks-səda verəcək.
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 2012-ci ildə Romadakı iclasında Avropa Oyunlarının Bakıda keçirilməsi qərarı veriləndən sonra paytaxtda tikinti işlərinin səviyyəsi görünməmiş vüsət aldı. Bakıda gimnastika, velosiped, su idmanı və atıcılıq üçün yeni tikilmiş arenalar, eləcə də açılış və bağlanış mərasimlərinin keçiriləcəyi 68 min nəfərlik stadion da daxil olmaqla, ümumilikdə 18 yarış məkanı var.
"Bakı-2015" Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirəcək. Yarışların yayımlanması üçün 57 ölkənin televiziya kanalları ilə müqavilə imzalanıb və 830 saatlıq yayım planlaşdırılır.
"Bakı-2015"-in təsiri
İyirmi idman növündə 253 dəst medal uğrunda yarışların gərgin keçəcəyi gözlənilir. Onların 16-sı Olimpiya idman növləridir. 3x3 basketbol, çimərlik futbolu, karate və sambo da daxil olmaqla, atletlərə 12 idman növündə "Rio-2016" Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq şansı verir. Qalib atlet "Avropa Oyunları çempionu" titulunun sahibi olacaq.
İdmançılar 1042 mənzildən ibarət yeni tikilmiş Atletlər Kəndində qalacaq və dünyanın qabaqcıl dietoloqlarının müəyyənləşdirdiyi və Avropanın ən böyük mətbəxlərindən birinin təqdim etdiyi 800 ton ərzaqla qidalanacaqlar. İdman azarkeşlərinin qayğısını isə Bakı və Avropa Oyunları təcrübəsini maksimuma çatdırmaq niyyətində olan 1600 nəfər könüllü çəkəcək.
Oyunlara ev sahibliyi edəcəyi məlum olandan sonra Bakı işə ən yaxşıları cəlb etdi. Şəhərin hazırlanması üçün Yay və Qış Olimpiadalarında böyük təcrübələrə malik 20 min podratçı müqavilə əsasında işə götürüldü.
"Bakı-2015" diqqət mərkəzində
"Bakı-2015"-in dühası birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru (BEGOC) Saymon Kleqdir. O daha öncə "London-2012" Yay Olimpiya Oyunlarının təşkilində və keçirilməsində Böyük Britaniya Olimpiya Assosiasiyasının icraçı direktoru kimi uğurlu nəticəyə nail olmuşdu. Azərbaycan millisi "London-2012" Yay Olimpiya Oyunlarında 10 medal qazanmışdı.
S.Kleq Britaniyanın "Guardian" qəzetinə müsahibəsində deyib: "Düşünürəm ki, bir az şübhələr var idi, lakin biz bu şübhələrin öhdəsindən Avropanın 50 Milli Olimpiya Komitəsindəki tədbirlə bağlı həyəcan səviyyəsini artırmaqla gəldik. Əgər çox az skeptik qalıbsa da, məncə, onların fikri bu tədbirin və Bakıda baş verənlərin miqyasını gördükləri zaman dəyişəcək. Heç bir şübhəm yoxdur ki, Avropa Oyunlarının həyəcanverici gələcəyi var".
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Bakıda qədim zərdüşt məbədi olan Atəşgahda məşəlin alovlandırılması zamanı çıxış edərək deyib: "Olimpiya dəyərləri olan mükəmməllik, dostluq və hörmət məşəlin ötürülməsi ilə mükəmməl şəkildə ifadə olunur. Məşəl daşıyıcıları birgə şəkildə alovu bir-birlərinə ötürdükləri zaman idman vasitəsilə sülh, dostluq və bayram mesajını verirlər. "Bakı-2015" bütün ölkənizin əməyi və səyləri sayəsində keçiriləcək. Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi daim təsirləndirdi..."
Həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edərək deyib: "Ölkəmiz digər sahələrdə olduğu kimi, idman sahəsində də çox böyük uğurlara imza atıb. Məhz bu uğurların bariz nümunəsi olaraq ölkəmiz, birinci Avropa Oyunlarının keçirilməsi üçün layiqli məkana çevrilən paytaxtımız yeni infrastruktur layihələri ilə Avropa Oyunları üçün əbədi irs yaradacaq və bunu növbəti Oyunlara ev sahibliyi edəcək şəhərə ötürəcək".
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Londondakı çıxışı zamanı idman sahəsinə olan dəstəyi, bu sahənin inkişafının həmişə Azərbaycanın milli prioritetləri sırasında olduğunu vurğulayaraq deyib: "Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu əks etdirir. Tədbir diqqət mərkəzində olacaq. O, Azərbaycanın son illərdəki uğurunun göstəricisidir".
Nazir Azərbaycanın 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi etdiyini xatırladıb: "23 illik müstəqillik həyatında Azərbaycan 200-dən çox atletlə yay və qış olimpiadalarında təmsil olunub. Bu günə qədər ölkəmiz 26 Olimpiya medalı və 2000-dən artıq Avropa və dünya çempionatlarının medalını qazanıb".
Böyük Britaniya komandası "Bakı-2015"-də
Böyük Britaniya "Bakı-2015" ilk Avropa Oyunlarında 150-dən çox atletlə təmsil olunacaq. Bu, 2008-ci il Pekin Olimpiadasından sonra Böyük Britaniyanın xaricə göndərdiyi ən böyük komandadır.
Böyük Britaniya komandasının tərkibinə "London-2012"-nin Olimpiya çempionları boksçu Nikola Adams, taekvondoçu Ceyd Cons və avarçəkən Ed Makkiv də daxildirlər.
Britaniya komandasının rəhbəri Mark İnqland bunu belə şərh edib: "Bir çoxları Avropanın ən güclülərinə qarşı özlərini sınayacaqlar, belə mühüm çoxnövlü idman oyunlarında təcrübə qazanacaq və ya özləri üçün "Rio-2016"-ya yol açacaqlar".
Bakının xəritədəki yeri
Oyunların 6000-dən çox idmançının iştirakı ilə keçiriləcək açılış və bağlanış mərasimləri Azərbaycanın ənənəvi mədəniyyətinin bir çox nüanslarından əlavə, eyni zamanda, onun müasir, qərbyönümlü və tolerant mövqeyini əks etdirəcək.
Açılış mərasiminin bədii rejissoru "Afina-2004" Yay Olimpiya Oyunlarındakı uğurlu işi ilə məşhurlaşmış Dimitris Papaioannou, bağlanış mərasiminin rejissoru isə "Cirque de Soelil" şirkətinin baş bədii direktoru olmuş Ceyms Hedleydir.
"Bakı-2015" Avropa Oyunları üçün elə bir yüksək standart müəyyənləşdirəcək ki, bu standartın aşılıb-aşılmamasını yalnız zaman göstərəcək.
"Bakı-2015" haqqında daha ətraflı məlumat üçün www.baku2015.com internet səhifəsini ziyarət edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB