Vüqar Rəhimzadə: "Azərbaycan şərəfli bir tarix yazır"

"Birinci Avropa Oyunlarnın keçirilməsi həm də Avropa, dünya tarixi üçün əlamətdar bir hadisədir"
Vüqar Rəhimzadə: "Azərbaycan şərəfli bir tarix yazır"

"Birinci Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, həm də Avropa, dünya tarixi üçün əlamətdar bir hadisədir. Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə Avropa Oyunlarının təməl prinsiplərini müəyyən edir və bununla da Avropanın idman ənənələrinin formalaşmasında şərəfli bir tarix yazır". Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, bu oyunlarla bağlı həyata keçirilən hazırlıq mərhələsi yüksək səviyyədə yekunlaşıb. Bütün Avropa və dünya möhtəşəm açılış mərasiminin şahidi olacaq: "Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan dövləti, iqtidarı və bütövlükdə Azərbaycana olan böyük bir inamın, ölkəmizin iqtisadi inkişafının, dünyada artan nüfuzunun göstəricisidir. Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə bu oyunların şərəfli tarixini yazır.

Şübhəsiz ki, ölkəmizə gələn 6 mindən artıq idmançı, otuzdan artıq dövlət və hökumət başçısı, minlərlə turist, jurnalistlər öz ölkələrinə xoş təəssüratla qayıdacaqlar. Onların Azərbaycan reallıqlarına, ölkədə gedən sürətli inkişafa şahid olmaları son dərəcə əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bununla dünya idman tarixində öz imzasını qoyur. Bundan sonra Avropa Oyunları hansı ölkədə keçirilməsindən asılı olmayaraq həmin ölkələrdə birmənalı şəkildə birinci Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycan xatırlanacaq. Bunun özü Azərbaycan üçün çox böyük bir tarixi hadisədir".

Bütün xəbərlər Facebook səhifəmizdə