ATƏT-in Koordinasiya Layihəsinin Bakı Ofisinin fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan hökumətinin qərar verməsinə ən başlıca səbəb ABŞ-dır. Bunu ATƏT-in Bakı ofisində və Venadakı mənzil qərargahında fəaliyyət göstərən Qərb diplomatlarına istinad edərək euractiv.com portalı yayıb.
Portalın yazdığına görə, Azərbaycan XİN-in ATƏT-in Venadakı mənzil-qərargahına göndərdiyi notada bildirilir ki, ATƏT-in Bakıda fəaliyyət göstərən hazırkı missiyası öz fəaliyyətini 4 iyula qədər dayandırmalıdır. Euractiv.com vurğulayır ki, bu tarix təsadüfən seçilməyib, çünki həmin vaxt ABŞ-da müstəqillik günü qeyd ediləcək.
ATƏT-in Bakı ofisindən və Venadakı mənzil qərargahından euractiv.com portalı hadisələrin gedişatının optimal versiyasını təqdim ediblər. Diplomatlar hesab edirlər ki, Bakı ofisinin ləğv olunmasının səbəblərini ABŞ-da axtarmaq lazımdır: "Amerikalılar Azərbaycanda hakimiyyəti dəyişmək istəyirlər".
Portal qeyd edir ki, Bakıda 2000-ci ildən fəaliyyətə başlayan ATƏT missiyası türkiyəli diplomat Koray Torqayın rəhbərliyi altında mürəkkəb bir yol keçib: "2012-ci ilin iyulundan 2013-cü ilin iyuluna qədər K.Torqay ABŞ-ın təzyiqi ilə ATƏT-ə göndərdiyi hesabatlarında Azərbaycan hakimiyyətini sərt tənqid edirdi.
2013-cü ilin yayında, ATƏT-in missiya üzvlərinin müxalifətin qeyri-qanuni nümayişinə qatılan zaman isə bu təzyiqlər pik həddə çatıb. ATƏT-in missiya üzvləri bu cür hadisələri müşahidə edə bilərlər, lakin kənardan. Bildirilir ki, ATƏT-in missiya üzvləri faktiki olaraq nümayişdə iştirak ediblər. Bununla bağlı mübahisə yaranıb, Azərbaycan rəhbərliyi missiyanın fəaliyyətinin dayandırılmasını istəyib. Xatırlatmaq yerinə düşər ki, ATƏT-in missiyaları ölkələrin öz təşəbbüsü ilə açılır. Ukrayna və Türkiyə missiyanı yeni mandat ilə fəaliyyətdə saxlamaq üçün müdaxilə ediblər. Yeni mandat bunu siyasi bəyannamə etməyə və büronu "ATƏT-in Layihə Koordinatorluğu"na çevirməyə imkan vermir. Yeni mandat 2013-cü ilin iyulunda qəbul edilib və yeni səfir Aleksis Şahtaxtinski 2014-cü ilin martında Bakıya gəlib. ATƏT-in Layihə Koordinatorluğunun hazırda fəaliyyət göstərən internet səhifəsinin yazdığına görə, onun əsas prioritetləri ATƏT-in öhdəliklərinin uğurla yerinə yetirilməsində Azərbaycana kömək etmək; terrorizmlə mübarizə, Azərbaycanda dini tolerantlığın daha da irəli aparılması, məişət zorakılığı və insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasındakı əməkdaşlığın və yaxşı dövlətçilik layihələrinin inkişafı olub.
Məlumata görə, yeni səfir mandatına ciddi hörmət edib və siyasi bəyanatlar verməkdən, hakimiyyəti tənqid etməkdən imtina edib. Lakin ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer onun daha çox siyasi rol oynamasını, ABŞ-ın Gürcüstan və Ukraynada olduğu kimi Azərbaycanda da hakimiyyət dəyişikliyi strategiyasının davamçısı olmasını istəyib.
Diplomatik mənbələrin bildirdiyinə görə, ABŞ və Böyük Britaniyanın Vyanada Fransaya və ATƏT-in baş katibi Lamberto Zannierə qarşı təzyiqi artıb. Nəticədə ATƏT səfiri ilə mayın 31-də bitən müqaviləsini yeniləməyib. "EurActiv"ə bildirilib ki, Azərbaycan hökuməti bunu "Əgər Şahtaxtinskinin varisi eyni qayda ilə işləsə, o da işdən azad ediləcək. Bu onun öz mandatını pozaraq işləməsinə təhrik edəcək. Bu qəbuledilməzdir" deyə əsaslandırıb və Bakının qərarı missiyanın fəaliyyətinin dayandırılması olub. Məlumata görə, bu hadisələrdən qabaq Azərbaycan ABŞ-ın missiya üzərinə olan təzyiqlərinin artması barədə ATƏT-in Vyanadakı baş qərargahına rəsmi məlumat verib.
"Xüsusi xidmət fonu olanlar insan hüquqlarından hakimiyyətin dəyişdirilməsi üçün bəhanə kimi istifadə edərək xarici siyasəti alətləşdirmək üçün ATƏT-dən istifadə edir. Lakin bu Dağlıq Qarabağ münaqişəsi səbəbindən qonşu Ermənistan ilə müharibə şəraitində olan Azərbaycanda keçməz", - deyə diplomat bildirib. ATƏT-in Bakı missiyasının Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmağa mandatı yoxdur. Bu işlə ATƏT-in Minsk Qrupu məşğul olur.
"Amerika Azərbaycanı nə qədər çox tənqid edərsə, Azərbaycan bir o qədər Rusiyaya çox yaxınlaşacaq. Amerikanın istəyi budur?", - deyə diplomat bildirib. Onun sözlərinə görə, Azərbaycan mükəmməl ölkə deyil, lakin heç bir ölkə mükəmməl deyil: "Əgər Qərb buradakı vəziyyəti yaxşılaşdırmaq istəyirsə, o zaman çevrilişə deyil, tədricən inkişaf etməsinə kömək etməlidir".
Əslində neft və qazla zəngin olan Azərbaycan heç bir super güc ölkəsinə yaxınlaşmaq, nə də Aİ ilə assosiasiya sazişi bağlamaq istəmir. Azərbaycan Avropa ilə Asiya arasında, eləcə də Müsəlman və Xristian dünyası arasında körpü rolunu oynamaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB