“Yeniyetmələrin Təhlükəsiz və İnkluziv İdman haqqında” Bəyannaməsi
Bu gün "Bakı 2015-ci il Yeniyetmələrin Təhlükəsiz və İnkluziv İdman haqqında" Bəyannaməsinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimat UNICEF və Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev "Bakı-2015" I Avropa Oyunlarının həyəcanını yaşadıqlarını deyiblər: "Sabah Avropa Oyunları başlayır. "Bakı-2015" böyük hadisədir. Ümid edirək ki, idmançılarımız qalib olacaq. Bu oyunlardan sonra da gənclərimizi idmanla məşğul olmağa səsləyirəm. Düşünürəm ki, Avropa Oyunlarından sonra gənclərimiz idman komplekslərimizi boş qoymayacaqlar. Biz istəyirik ki, fiziki imkanları məhdud vətəndaşlarımız da bu işdə iştirak etsinlər. Azərbaycanda paralimpiya hərəkatına xüsusi diqqət yetirilir. Bu da inkluzivliyi təmin edən amildir. "Bakı-2015" I Avropa Oyunlarında iştirak edən idmançılarımıza uğurlar arzu edirəm".
Mərasimdə söz alan BMT Baş Katibinin idman məsələləri üzrə xüsusi müşaviri Uilfrid Lemke I Avropa Oyunlarını izləmək üçün Bakıya gəldiyini deyib: "Azad Rəhimovun xüsusi dəvəti ilə Bakıya gəlmişəm. I Avropa Oyunları çox əlamətdar hadisədir".
Daha sonra tədbirdə Təhsil Nazirinin müavini Firudun Qurbanov çıxış edərək diqqətə çatdırıb ki, hazırda bölgələrimiz və paytaxtımızda idman kompleksləri tikilərək, istifadəyə verilib: "Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi nəticəsində bu işlərə imza atılıb. Ölkəmizdə baş tutacaq "Bakı-2015" I Avropa Oyunlarına görə qürur hissi keçirirəm. Nəzərinizə çatdırım ki, müstəqilliyin ilk illərində dövlət büdcəsi heç 1 milyard dollara çatmırdı. Artıq büdcə 30 dəfədən çox artıb. Onu da deyim ki, Azərbaycanda 1 milyondan çox şagird və tələbələr var. Onların da idmana cəlb olunması çox gözəl haldır. Sabah I Avropa Oyunlarının açılış mərasimidir. İnanıram ki, bu oyunlar yüksək səviyyədə keçiriləcək".
I Avropa Oyunlarının Baş icraçı direktoru Simon Kleqq mərasimdə çıxış edərək "Bakı-2015"in beynəlxalq standartlara uyğun keçiriləcəyini söyləyib: "Sabah açılış mərasimində biz yüzlərlə idmançını salamlayacağıq. Bu idmançılar Avropa Olimpiya ailəsinin 50 ölkəsini təmsil edirlər. 50 min azarkeş sabah Olimpiya stadionuna toplaşacaq. I Avropa Oyunları Şimali Amerikadan başlayaraq, Cənubi Amerikaya, Çindən, Yeni Zelandiya, Avstraliyaya, Yaponiyadan Hindistana qədər bütün ölkələrdə yayımlanacaq".
UNICEF-in Azərbaycan nümayəndələyinin rəhbəri Andro Şilakadze tədbirdə bildirib ki, idman oyunlarında oynamaq və ya iştirak etmək hər bir uşağın borcudur: "Əlilliyi olan uşaqlar bir çox hallarda təcrid olunur və ehtiyaclarına lazimi diqqət yetirilmir. UNICEF Azərbaycanda bütün uşaqların idmanda iştirakını təşviq etmək və onları təhlükəsiz idman həyatlarının olmasında köməklik göstərəcək".
Qeyd edək ki, bəyannamə yeniyetmələrin ölkədə təhlükəsiz və inkluziv idmandan istifadə imkanlarını yaxşılaşdırmaq, yeniyetmə və gənclərin idman və gənclərə dair siyasətlər, proqramlar və strategiyaların hazırlanmasına cəlb etmək ilə bağlı tövsiyələrini özündə ehtiva edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB