İyunun 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun ADU-nun dəvəti ilə Fransanın Paris-Sorbon Universitetinin on dörd nəfər tələbəsi, həmçinin universitetdə hər il keçirilən ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-nun Yay məktəbində iştirak edəcək altı nəfər amerikalı tələbələr ilə görüşü keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, Azərbaycan Dillər Universiteti və Fransanın Paris-Sorbon Universiteti arasında "Mədəni mübadilə" proqramı çərçivəsində Paris-Sorbon Universitetinin tələbələri ADU-nun maliyyə dəstəyi ilə bu ilin iyun ayının 9-dan 16-na kimi universitetdə olacaqlar. Proqramın məqsədi universitetlərarası qarşılıqlı əlaqələr nəticəsində tələbə şəbəkəsinin genişləndirilməsi, ölkələrarası mədəni əlaqələrin gücləndirilməsi, Azərbaycanın zəngin tarixə malik mədəni irsinin dünyaya tanıdılması, bununla yanaşı ölkənin xarici siyasətinin əsas prioritet istiqaməti olan Azərbaycan həqiqətlərinin çatdırılmasında tələbələrin rolunu qeyd etməkdən ibarətdir. Yay məktəbində iştirak edən amerikalı tələbələr isə iyunun 11-dən avqustun 7-nə kimi universitetdə 8 həftə ərzində Azərbaycan dilini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənəcəklər.
20-dən çox xarici tələbənin iştirak etdiyi görüşdə Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov qonaqları universitetdə görməkdən məmnun olduğunu dilə gətirdi. Bir gündən sonra Azərbaycan tarixində əhəmiyyətli olan İlk Avropa Oyunlarının Bakıda baş tutacağını bildirən rektor Səməd Seyidov oyunlarda iştirak edən idmançılar arasında çoxlu sayda fransızların da olduğunu diqqətə çatdırdı. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verən rektor Səməd Seyidov universitetdə altı minə yaxın tələbənin təhsil aldığını bildirdi. ADU-da altı fakültə, iyirmi beş kafedranın fəaliyyət göstərdiyini deyən professor Səməd Seyidov burada 22-ə yaxın dilin tədris olunduğunu qeyd etdi. Rektor Səməd Seyidov, həmçinin universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında danışaraq qonaqları ADU-nun professor-müəllim heyəti ilə tanış etdi.
Fransız və amerikalı tələbələr Azərbaycanda, həmçinin ADU-da olmaqdan şad olduqlarını bildirdilər. Səmimi qəbula görə təşəkkürlərini bildirən qonaqlar Bakıya heyran olduqlarını söylədilər. Azərbaycanda olduqları ərəfədə ölkə haqqında daha ətraflı məlumatlar əldə edəcəklərinə əminliklərini ifadə etdilər. Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olacaqlarından sevinc hissi keçirdiklərini söyləyən əcnəbilər İlk Avropa
Oyunlarında iştiraklarını səbrsizliklə gözlədiklərini də vurğuladılar. Eyni zamanda, qonaqlar universitet rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Görüş qonaqlarla tanışlıq, sualların cavablandırılması ilə davam etdi.
Səfər çərçivəsində universitetə gələn fransız tələbələrin Bakı Fransız İnstitutu, funikulyor, Heydər Əliyev mərkəzi, Heydər Əliyev sarayını ziyarət, İlk Avropa Oyunlarının açılış mərasimində və müxtəlif idman oyunlarında iştirak etməsi, şəhərin görməli yerləri, tarixi abidələr, muzeylər, Azərbaycan mətbəxinin ləziz təamları ilə tanışlıq, Xəzər dənizində gəmi ilə səyahət, həmçinin ölkənin digər regionlarına səfər etmələri nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan Dillər Universiteti və Fransanın Paris-Sorbon Universiteti arasında "Mədəni mübadilə" proqramı çərçivəsində ADU tələbələri cari ilin aprel ayının 7-dən 14-dək Fransanın Paris-Sorbon Universitetində olublar.
Qeyd edək ki, Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrində bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti edir. Proqram həftədə azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. İştirakçılar Azərbaycan dilində sərbəst danışıq inkişaf etdirəcəklər. ÖDS iştirakçıları təqaüd proqramından sonra da dili öyrənməyə davam edəcəklər və önəmli dil vərdişlərini öz gələcək professional karyeralarında tətbiq edəcəklər. Tələbələrin, həmçinin şəhərin görməli yerləri, tarixi abidələr, muzeylər, Azərbaycan mətbəxinin ləziz təamları ilə tanışlıq, eyni zamanda ölkənin digər regionlarına səfər etmələri nəzərdə tutulub. ABŞ Dövlət Departamenti bu proqramı amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədi ilə 2006-cı ildə başladıb.
Onu da qeyd edək ki, bu proqramın xüsusi cəhəti ondan ibarətdir ki, hər iki nümayəndə heyəti səfər çərçivəsində (Fransanın Paris-Sorbon Universitetinin tələbələri, ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-nun Yay məktəbində iştirak edəcək amerikalı tələbələr) azərbaycanlı ailələrində birgə yaşamaqla Azərbaycanın zəngin mədəniyyəti haqqında daha çox öyrənəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB