Ali Məclisin sədri Şərqi Azərbaycan Vilayətində səfərdə olub

Ali Məclisin sədri Şərqi Azərbaycan Vilayətində səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır. Ümid edirəm ki, bu əməkdaşlıq daha da güclənəcəkdir".

Azərbaycan - İran əlaqələri qədim tarixə malikdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı səmərəli əməkdaşlıq da bu əlaqələrə öz töhfəsini verir. İqtisadi-ticarət, kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələrin mühüm əhəmiyyəti var. Son illər həyata keçirilən qarşılıqlı səfərlər isə ikitərəfli münasibətlərin inkişafı üçün geniş perspektivlər açıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadənin dəvəti ilə iyunun 9-da İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinə səfər edib.

Beynəlxalq Culfa sərhəd keçid məntəqəsində Ali Məclis Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovulun rəisi Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri fəxri qarovul dəstəsinin önündən keçib və əsgərləri salamlayıb.

Şərqi Azərbaycan ostandarının müavini Səid Şəbüstəri, Culfa fərmandarı Zahid Mahmudi və digər rəsmi şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qarşılayıblar.

Milli geyimli qız Ali Məclisin Sədrini salamladıqdan sonra Şərqi Azərbaycan Vilayətinin nümayəndə heyəti təqdim olunub.

Şərqi Azərbaycan Ostandarlığında görüş

İyunun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərqi Azərbaycan Vilayətinin Təbriz şəhərindəki Ostandarlığına gəlib.

Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə Ali Məclisin Sədrini qarşıladıqdan sonra nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə görüş olub.

İsmayıl Cabbarzadə dəvəti qəbul edib Şərqi Azərbaycan Vilayətinə səfər etdiyinə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Ostandar əlaqələrin inkişafından danışıb, Şərqi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında mövcud olan əməkdaşlığın məmnunluq doğurduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün Şərqi Azərbaycan Vilayətində iqtisadiyyatın, xüsusilə sənayenin inkişafı sahəsində böyük potensial var. Yeni istehsal müəssisələrinin yaradılması, xarici investorların fəaliyyətinin dəstəklənməsi sahəsində müvafiq tədbirlər görülür. Mövcud iqtisadi imkanlar və göstərilən qarşılıqlı səylər münasibətlərin genişləndirilməsi üçün yeni imkanlar açır.

Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafının məmnunluq doğurduğunu bildirən İsmayıl Cabbarzadə bunu düzgün idarəetmənin nəticəsi kimi dəyərləndirib, Ali Məclis Sədrinin səfərinin müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün yeni perspektivlər açacağını qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərqi Azərbaycan Vilayətinə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək deyib: Azərbaycan - İran əlaqələrinin qurulması və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri var. Bu gün dövlət başçılarının iradəsi ilə ikitərəfli münasibətlər yeni mərhələyə yüksəlib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan Vilayəti arasında da əlaqələr mehriban qonşuluq prinsipləri əsasında davam etdirilir. Təhsil, iqtisadi-ticarət, kənd təsərrüfatı və səhiyyə sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Gələcəkdə idman və mədəniyyət sahəsində əlaqələrin qurulması üçün də yaxşı potensial vardır.

Ali Məclisin Sədri əlaqələrin inkişafında qarşılıqlı səylərin əhəmiyyətini vurğulayaraq deyib ki, muxtar respublikada iqtisadiyyatın inkişafında əsas yeri özəl bölmə tutur, yerli və xarici sahibkarların fəaliyyəti dəstəklənir, onlara güzəştli şərtlərlə kreditlər verilir. Bu da yeni istehsal müəssisələrinin yaradılmasına və xarici iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə zəmin yaradıb. Şərqi Azərbaycan Vilayətinin və Naxçıvan Muxtar Respublikasının iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, birgə fəaliyyətin dəstəklənməsi və müştərək istehsal sahələrinin yaradılması əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyacaq.

Görüşdə hər iki tərəfin səyləri ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Ali Məclisin Sədri Şərqi Azərbaycan Vilayətinin ostandarını münasib vaxtda Naxçıvan Muxtar Respublikasına səfərə dəvət edib.

Sonra qarşılıqlı hədiyyələrin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikasının və İranın qonşu vilayətlərinin dövlət sərhəd xidmətləri arasında səmərəli əməkdaşlıq qurulub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səfər çərçivəsində Şərqi Azərbaycan Vilayətinin Sərhəd Qüvvələri Komandiri Seyid Müctəba Musəvi ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan Vilayəti arasında digər sahələrlə yanaşı, sərhəd-keçid məntəqələrinin fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan Ali Məclisin Sədri hər iki tərəfin dövlət sərhəd xidmətləri əməkdaşlarının iştirakı ilə görüşlərin keçirilməsinin bu işə töhfə verəcəyini diqqətə çatdırıb.

İranın Şərqi Azərbaycan Vilayətinin Sərhəd Qüvvələri Komandiri Seyid Müctəba Musəvi səmimi görüşə görə minnətdarlıq edib, Şərqi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikasının sərhəd xidmətləri arasındakı əlaqələrin hazırkı vəziyyətindən danışıb.

Görüşdə dövlət sərhəd xidmətləri arasında əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Səfər çərçivəsində Şərqi Azərbaycan Vilayətinin Sənaye, Mədən və Ticarət Palatasının üzvləri və iş adamları ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov muxtar respublikada sahibkarlığın inkişafı və yeni istehsal müəssisələrinin yaradılması sahəsində görülən tədbirlərdən danışıb, muxtar respublikanın iqtisadi imkanları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Görüşdə sahibkarlar arasında əlaqələrin inkişaf perspektivlərinə toxunulub, hər iki tərəfin mövcud iqtisadi potensialından səmərəli istifadə ilə bağlı məsələlər müzakirə olunub.

Təbriz Universiteti və Təbriz Tibb

Universiteti ilə tanışlıq

Təbriz tarixən Şərqin qədim elm və təhsil mərkəzlərindən biri olub. Bu şəhərdə fəaliyyət göstərən ali təhsil ocaqları geniş imkanlara, tədris ənənələrinə və müasir maddi-texniki bazaya malikdirlər.

İyunun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təbriz Universitetinə və Təbriz Tibb Universitetinə gəlib, hər iki ali təhsil müəssisəsinin tədris imkanları ilə maraqlanıb.

Təbriz Tibb Universitetində keçirilən görüşdə əvvəlcə Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilib.

Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə vilayətdə təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib, qarşılıqlı elmi əməkdaşlığın qurulmasında universitetlərarası əlaqələrin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Təbriz Universitetinin rektoru doktor Məhəmmədrza Pur Məhəmmədi ali təhsil ocağının fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, 1947-ci ildə yaradılan və Şərqi Azərbaycan Vilayətinin ən böyük ali təhsil ocaqlarından biri olan Təbriz Universitetində 20 fakültə fəaliyyət göstərir, 24 min tələbə təhsil alır. Müasir tədris metodlarından istifadə tələbələrin bilik səviyyələrini daha da artırır. Universitetdə Azərbaycanşünaslıq üzrə Tədqiqat və Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. Hazırda ali təhsil müəssisəsi dünyanın bir çox universitetləri ilə səmərəli tədris əlaqələrinə malikdir.

Təbriz Tibb Universitetinin rektoru doktor Məhəmməd Hüseyn Somi deyib ki, bu universitet tibbi kadrların hazırlanması ilə yanaşı, həm də elmi tədqiqat və səhiyyə xidmətləri sahəsində səmərəli fəaliyyət göstərir. Ali təhsil müəssisəsində qidalanma, menecmentlik və tibbi informasiya, müasir tibb elmləri, farmakologiya, stomatologiya, reabilitasiya, tibb bacısı və mamalıq, gigiyena və digərləri olmaqla 11 fakültədə 8 mindən artıq tələbə təhsil alır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov elm və təhsilin inkişafının, eləcə də bu sahədə qarşılıqlı əlaqələrin qurulmasının vacibliyini bildirərək deyib: Muxtar respublikada təhsilin bütün pillələri, xüsusilə də ali təhsilin inkişafı təmin edilib, müasir tədris imkanları yaradılıb. Naxçıvan Dövlət Universitetinin dünyanın 100-ə yaxın universiteti ilə əlaqəsi vardır. Ali təhsil ocağında dünyanın bir çox ölkələrindən, o cümlədən İrandan olan 19 tələbə təhsil alır. Ən müasir informasiya texnologiyalarının tətbiq olunduğu universitetdə digər xarici dillərlə yanaşı, fars dili ixtisası da tədris olunur. Bu gün Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində həkim, Naxçıvan Tibb Kollecində isə orta ixtisas tibb kadrları hazırlanır. Eyni zamanda, muxtar respublikada əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir, bütün yaşayış məntəqələrində yeni səhiyyə müəssisələri tikilib istifadəyə verilir. Hazırda muxtar respublikada fəaliyyət göstərən müasir xəstəxanalar tibb təhsili alan tələbələr üçün geniş təcrübə imkanlarına malikdir.

Ali Məclisin Sədri muxtar respublikanın ali təhsil müəssisələri ilə Təbriz Tibb və Təbriz universitetləri arasında nümayəndə heyətlərinin iştirakı ilə qarşılıqlı səfərlərin təşkil edilməsinin və səmərəli elmi əməkdaşlığın yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb, bu təşəbbüsün birgə ixtisaslı kadrların hazırlanması işinə töhfə verəcəyinə əminliyini bildirib.

Azərbaycan Respublikasının Təbriz şəhərindəki

Baş Konsulluğu fəaliyyətini genişləndirir

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğuna gəlib, konsulluğun əməkdaşları ilə görüşüb və onların iş şəraiti ilə maraqlanıb.

Bildirilib ki, 2004-cü ildən fəaliyyət göstərən baş konsulluq ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verir. Hazırda siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılır.

Ali Məclisin Sədri konsulluğun işçiləri ilə söhbət edib, iş şəraitlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərin diqqətdə saxlanıldığını bildirib, onlarla xatirə şəkli çəkdirib.

"Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Memorandum" imzalanıb

İyunun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Memorandum"u imzalayıblar.

Qarşılıqlı əlaqələrin və əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsini və daha da inkişaf etdirilməsini nəzərdə tutan memoranduma əsasən beynəlxalq statuslu Culfa-Culfa sərhəd buraxılış məntəqəsinin işinin səmərəliyinin yüksəldilməsinə səy göstərilməsi, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında və İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətində istehsal olunan məhsulların qarşılıqlı təşviqinin və ticarətin təşkili, kənd təsərrüfatı sektorunun müxtəlif sahələri, o cümlədən əkinçilik, meyvə-tərəvəzçilik, balıqçılıq, arıçılıq, quşçuluq və digər sahələr üzrə təcrübə mübadiləsinin aparılması, bu sahələrdə iş adamlarının birgə fəaliyyətlərinin dəstəklənməsi haqqında razılığa gəlinib.

Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında və İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətində istehsal olunan məhsulların, həmçinin əl işləri və sənət əsərlərinin nümayiş olunduğu sərgilərdə hər iki tərəfdən nümayəndələrin iştirakına səy göstərilməsi, kənd təsərrüfatı, səhiyyə və sənaye sahələrində texniki-mühəndislik xidmətləri göstərməyə və texnologiyalar mübadiləsinin həyata keçirilməsinə şərait yaradılması, turizm sahəsində fəaliyyət göstərən təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması qərara alınıb. Naxçıvan Muxtar Respublikasının və Şərqi Azərbaycan Vilayətinin ali təhsil müəssisələri arasında qarşılıqlı fayda və səmərəlilik əsasında əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadilələrinin həyata keçirilməsi, eləcə də hər iki tərəfin alim və tədqiqatçılarının beynəlxalq elmi tədbirlərdə iştirak üçün dəvət olunması da memorandumda öz əksini tapıb.

Bununla yanaşı, idman sahəsində mövcud əlaqələrin möhkəmləndirilməsinə, idman federasiyalarının qarşılıqlı təcrübə mübadiləsinə, müxtəlif idman növləri üzrə yarışlarda komandaların iştirakına və yoldaşlıq görüşlərinin keçirilməsinə səy göstəriləcək. Memorandumda Naxçıvan və Təbriz bələdiyyələri arasında əməkdaşlığın, səhiyyə sahəsində, xüsusilə müalicə turizmi, sanitar-epidemioloji sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsi, beynəlxalq konfrans və elmi-praktik seminarların, eləcə də təkmilləşdirmə kurslarının təşkil olunması qərara alınıb.

İmzalanma mərasimindən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə veriblər.

Jurnalistlərin suallarını cavablandıran Ali Məclisin Sədri qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Memorandum"un əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Sonda Şərqi Azərbaycan Vilayətinin Ostandarlığı qarşısında xatirə şəkli çəkdirilib.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinə səfəri başa çatıb.

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulu Əli Əlizadə və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrım səfər zamanı keçirilən görüşlərdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə