Qaradağ Rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının birgə təşəbbüsü ilə 15 İyun-Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, bu tarixi günün əhəmiyyəti ilə bağlı məlumat verən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov bildirib ki, azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir: "Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu öndər Heydər Əliyevin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" tezisi hər zaman önə çəkilir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixinin önəmi, əhəmiyyəti hər birimizə aydındır. Azərbaycan parçalanmaq, öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin məqamda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Xalqı ilə birlikdə olduğunu bəyan edən ulu öndər Heydər Əliyev iyun ayında Bakıya gəldi. Onun qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər o dövrün hadisələrinin şahidi olanların yaddaşlarındadır. Qurtuluş Azərbaycanın bugünkü inkişafının təməlini qoydu. Bu gün hər kəs belə qüdrətli, zəngin, Dünya birliyində özünə layiqli yer tutan bir dövlətin vətəndaşı olmaqdan qürur duyur."
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə qeyd edib ki, bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın həm regionda, həm də dünyada mövqelərinin möhkəmlənməsinə, əhəmiyyətinin artmasına, rolunun yüksəlməsinə təməl yaradıb. Azərbaycan beynəlxalq aləmdə, regional siyasətdə əhəmiyyətli mövqe tutan bir dövlət kimi birmənalı şəkildə qəbul edilir. İqtisadi inkişaf insanların həyat şəraitinin yaxşılaşmasına stimul verir.
A.Hüseynov əlavə edib ki, hakimiyyətə qayıdışı ilə inkişafa yol açan ulu öndər Heydər Əliyevin bu yolun davamlılığını təmin etmək üçün 2003-cü il prezident seçkiləri ərəfəsində xalqa müraciətində söylədiyi fikirlər bu günün reallıqlarında özünün aydın ifadəsini tapıb. Heç şübhəsiz ki, Azərbaycan düzgün qurulan təməl üzərində hələ daha böyük zirvələri fəth edəcək.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, professor Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Vurğulanıb ki, 1991-1993-cü illərdə bütün sahələrdə mövcud uğursuzluqlar ölkəmiz üçün ciddi problemlər yaratmışdı. Xalq belə çətin vəziyyətdə üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna çıxardı. Bu gün ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, demokratik ölkə kimi tanınır və qəbul olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB