Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzinin əməkdaşları 18 may – 18 iyun tarixlərini əhatə edən "İnsan hüquqları aylığı" çərçivəsində silsilə maarifləndirmə tədbirləri keçirib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Şəki rayonunun Suçma kəndində əhali ilə görüş və şəhər Qarışıq Tipli Uşaq evində uşaqların və müəllim kollektivinin, Balakən rayonunun Qazbinə kəndində yerli icra və özünü idarəetmə orqanları nümayəndələrinin, sakinlərin iştirakı ilə təşkil edilmiş tədbirlər bu qəbildəndir. Həmin tədbirlərdə çıxış edən regional mərkəzin əməkdaşları respublikamız müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində də ardıcıl islahatların aparıldığını, mühüm işlərin görüldüyünü, müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd etmişlər.
Ombudsmanın təşəbbüsü ilə keçirilən aylığın mahiyyəti, regional mərkəzin bu aylıq çərçivəsində keçirdiyi dəyirmi masa, əhali ilə görüşlər, aparılan geniş maarifləndirmə işi barədə məlumat verilib.
Respublikamızda insan hüquqları sahəsində ilk proqramın -"İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edildiyi vurğulanıb.
Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla icra edildiyi, bununla bağlı Ombudsmanın ölkənin hər bir rayonunda ictimai dinləmələr keçirdiyi, həmin tədbirlərdə əhalinin irəli sürülmüş təklif və mülahizələrinin nəzərə alındığı bildirilib.
Müvəkkilin fəaliyyətində əhalinin digər qruplarının hüquqları ilə yanaşı, uşaqların hüquqlarının müdafiəsinin də mühüm yer tutduğu diqqətə çatdırılmış, bu sahəsində mövcud olan hüquqi sənədlər, uşaq hüquqlarının müdafiəsi mexanizmləri haqqında ətraflı məlumat verilib.
Ölkəmizin də qoşulduğu BMT-nin "Uşaq hüquqları haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" konvensiyalarında təsbit edilən uşaq hüquqları tədbir iştirakçılarının diqqətinə çatdırılmış, həmin hüquqların ölkə daxilində həyata keçirilməsi və müdafiəsi üçün mövcud olan qanunvericilik bazası və onun icra mexanizmləri barədə məlumat verilib.
Ombudsmanın nümayəndələri Müvəkkilin uşaqları daim diqqətdə saxladığını söyləyib, uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar təsisatda 916 saylı qaynar xəttin 24 saat ərzində fəaliyyət göstərdiyini vurğulayıblar.İştirakçılar müzakirə edilən mövzularla bağlı maraqlı müzakirələr, fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB