İctimai Komitənin iclası keçirilib

İctimai Komitənin iclası keçirilib

Bu gün Ədliyyə Nazirliyi yanında tərkibi qeyri – hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılmış İctimai Komitənin iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə, Ədliyyə Nazirliyinin insan hüquqları və ictimai əlaqələri idarəsinin rəisi Faiq Qurbanov, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının üzvü Azay Quliyev və Komitənin digər üzvləri iştirak edib. Çıxış edən İctimai Komitənin üzvləri görülən işlərdən danışıb.

Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə böyük önəm verilir. Ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətin müstəsna əhəmiyyətini hər zaman xüsusilə qeyd edən dövlət başçısı həyata keçirilən tədbirlərdə, dövlət idarəetməsində ictimaiyyəti daha fəal olmağa çağırır. Bu məqsədlə Ədliyyə Nazirliyi fəaliyyətində şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verərək vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirir. 2006-cı ildən ədliyyə naziri yanında tərkibi qeyri – hökumət hüquq müdafiə təşkilatlarının nümayəndlərindən ibarət formalaşdırılmış İctimai Komitə uğurla fəaliyyət göstərir.

"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan verib, İctimai Komitənin səlahiyyətləti həmin Qanuna uyğun olaraq daha da genişləndirilib, o cümlədən səlahiyyət müddəti artırılıb və Komitə ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlərə fəal cəlb olunur. Vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlıq mexanizmi və nümunəvi model kimi təqdir olunan İctimai Komitə ötən dövrdə bu təsisata daxil olmayan digər QHT və KİV nümayəndələri, habelə Ombudsman Milli preventiv mexanizm qrupu ilə birgə müxtəlif cəzaçəkmə müəssisələrinə bütövlükdə 315-dən artıq başçəkmə həyata keçirib. Məhkumların müxtəlif saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirib, müvafiq tövsiyələr verib. Komitənin monitorinqlərin nəticələri üzrə Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr təhlil olunaraq zəruri tədbirlər görülüb, ictimaiyyətə müntəzəm açıqlamalar verilib.

Bundan başqa qeyd olunub ki, Komitəni yeni tərkibinin formalaşdırılması barədə kütləvi informasiya vasitələrində müvafiq elanlar verilərək qeyri – hökumət təşkilatları və hüquq müdafiəçiləri qurumun fəaliyyətində iştirak etməyə dəvət olunublar.

Tədbirin sonunda maraq doğuran suallara aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə