Avropa Azərbaycanı yenidən kəşf edəcək

Aysel Həsənli, YAP Yasamal Rayon Təşkilatında Gənclər Birliyinin İdarə Heyətinin üzvü, fəal gənc
Avropa Azərbaycanı yenidən kəşf edəcək

"Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq". Ulu Öndərimizin bu fikri artıq bu gün həqiqətə çevrilib və öz təsdiqini tapıb. Azərbaycan hər bir sahədə sürətli inkişaf, çiçəklənmə və tərəqqi dövrünü yaşayır. Əgər bir zamanlar Azərbaycan deyəndə neftinə görə yalnız Bakını tanıyırdılarsa, bu gün artıq dünya dövlətləri nəinki Azərbaycanı tanıyır, həm də ölkəmizə siyasi, iqtisadi gücünə görə hörmət bəsləyirlər.

Sevindiricidir ki, Vətənim Azərbaycan hazırda dünyanın qabaqcıl dövlətləri sırasındadır. Məhz buna görədir ki, Azərbaycan dəfələrlə bir sıra mötəbər siyasi, iqtisadi, humanitar tədbirlərə, habelə mədəniyyət və idman yarışlarına uğurla ev sahibliyi edib. Hər birimizə məlumdur ki, bir neçə gündən sonra "Bakı - 2015" Avropa Oyunlarına start veriləcəkdir. Qafqazın siyasi, iqtisadi, mədəni paytaxtı olan Bakı bu dəfə Avropa dövlətlərini bir araya toplayacaq və Avropanın idman mərkəzinə çevriləcək. Bununla da demək olar ki, bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir. İlk öncə ona görə ki, Azərbaycan ilk Avropa Oyunlarının keçirildiyi ölkə kimi, mən deyərdim ki, hətta oyunların ən yaxşı təşkilatçısı kimi dünyanın idman tarixinə düşəcək və Azərbaycanın gözəl təşkilatçılığı, mehribanlığı, qonaqpərvərliyi hələ uzun müddət qonaqlarımızın yaddaşlarında qalacaq. Müstəqillik yaşı az olan bir dövlət üçün qısa zaman çərçivəsində bu qədər məsuliyyəti öz üzərinə götürməsi özü bir uğurdur. Hətta Avropa dövlətlərinin bəziləri Azərbaycanın bu çətin işi bacaracağına şübhə ilə yanaşırdılar. Biz inanırıq ki, bundan öncəki tədbirlərdə olduğu kimi Azərbaycan bu dəfə də uğura imza atacaq. Ölkə rəhbərliyinin iradəsi, düşünülmüş uğurlu siyasəti, Azərbaycanın hazırki gücü, qüdrəti, beynəlxalq aləmdə söz və nüfuz sahibi olması bunu deməyə əsas verir. Başqa sözlə desək, bu cür mötəbər tədbirin Azərbaycana həvalə edilməsi əslində ölkəmizə olan etimaddan irəli gəlir.

Digər tərəfdən I Avropa Oyunları Vətənizmizin təbliği, özünü dünyaya təqdim etməsi baxımdan da önəmli və vacibdir. Məlumdur ki, yarışlarla əlaqədar yüzlərlə idmançı, turist, izləyici, media nümayəndələri Bakıya gələcək və onlar Azərbaycanın əsrarəngiz təbiəti, özünəməxsus mədəniyyəti, tarixi keçmişi, hazırki inkişafı, milli-mənəvi xüsusiyyətləri ilə tanış olacaq və Vətənimiz haqda düzgün məlumat əldə edəcəklər. Bununla da onlar Azərbaycanın əslində necə qüdrətli bir dövlət, tolerant və bütün dünyaya açıq bir ölkə olduğunu, Azərbaycan xalqının isə necə sülhsevər, qonaqpərvər olduğunu biləcəklər. Oyunlar zamanı ölkəmizin təbliğində biz gənclər də üzərimizə düşən məsuliyyəti anlayır və çalışacayıq ki, Vətənimizi avropalılara düzgün tanıdaq, sevdirək və bu işdə dövlətimizə dəstək olaq.

Bu cür idman yarışlarının keçirilməsi gənclər arasında idmana marağın artmasına və pis vərdişlərdən çəkinərək asudə vaxtlarını daha faydalı keçirməsinə şərait yaradacaq. Bundan əlavə, Avropa Oyunları ölkəmizdə turizmin və iqtisadiyyatın daha da inkişaf etməsinə stimul verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə