Hacıbala Abutalıbov: “İşlər ən yüksək səviyyədə aparılır” SƏS TV

Hacıbala Abutalıbov: “İşlər ən yüksək səviyyədə aparılır” SƏS TV

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxov çimərliyi yaxınlığındakı "Dostluq Parkı"nda növbəti dəfə ağacəkmə kampaniyası keçirilib. SİA-nın verdiyi məlumata görə, BŞİH-nin başçısı Hacıbala Abutalıbovun da iştrak etdiyi tədbirə İcra Hakimiyyətinin strukturlarında çalışan əməkdaşlar, ictimaiyyət nümayəndələri qatılıblar.

Jurnalistlərə açıqlamasında BŞİH-nin başçısı Hacıbala Abutalıbov bildirib ki, ümumilikdə 10 min ağac gətirilib və bu kampaniayada iştirak edən insanların hamısı könüllülərdir: "Azərbaycan günbəgün gözəlləşir. Hər bir azərbaycanlının borcudur ki, öz şəhərinin gözəlliyinin qayğısına qalsın. Ağac əkmək xeyirxah bir əməldir. Bizlər də bu işi layiqincə yerinə yetiririk. Biz daim çalışmalıyıq. İnsan öz işini sevməlidir, həm də iş insanı sevməlidir. Cənab Prezidentimizin tapşırıqları əsasında nə lazımdırsa edirik və bundan sonra da Bakının gözəlləşməsi üçün nə lazımdırsa edəcəyik".

H.Abutalıbov sökülən villalardan danışaraq qeyd edib ki, bu proses davam edir və bu gün də bu ərazidə bir neçə villa söküləcək: "Cənab Prezidentin tapşırığı ilə "Dostluq" parkında olan bütün qeyri-qanuni villalar söküləcək. Elə bu gün də ikimərtəbəli villa söküləcək".

O, Binəqədi rayonunda yanan bina ilə bağlı da danışaraq vurğulayıb ki, yanan bina ilə bağlı işlər ən yüksək səviyyədə aparılır: "4 aydan sonra biz yanan binanı tam təhvil verəcəyik. Kompensasiya məsələsi də artıq bitib. Cəmi bir ailə ilə bağlı mübahisəli məqamlar var. 5 ailənin isə vərəsəlik məsələsi gündəmdədir. Ümumilikdə vətəndaşların hamısına dövlət tərəfindən bütün diqqət və qayğı göstərilir.

H.Abutalıbov ölkəmizdə keçiriləcək Avropa Oyunları ilə bağlı da danışaraq qeyd edib ki, biz bu işin öhdəsindən layiqincə gələcəyik: "Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi bütün tədbirlər həyata keçirilib, biz bu oyunları ən yüksək səviyyədə keçirməyə tam hazırıq. İstər ölkəmizdəki təhlükəsizlik baxımından, istərsə də yaradılan şərait baxımından bu Oyunların analoqu olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə