Rusiyada çıxan "Pravda.ru" nəşrində "Azərbaycanda ruslar: "Bizi heç kəs yabançı saymır" sərlövhəli məqalə dərc olunub. Məqalədə vurğulanır ki, multikultural Azərbaycan minlərlə etnik rusun vətəninə çevrilib.
Qəzet yazır: "Azərbaycanın Rus İcması Cənubi Qafqazda ən böyük rus icmasıdır. İcmaya 120 min adam - fəhlə, mühəndis, müəllim, həkim, proqramçı və taksi sürücüləri daxildir. Onların hamısı rus dilində danışır, öz köklərini unutmur və Azərbaycanı öz evi sayırlar. Bu da təsadüfü deyil: Azərbaycan postsovet məkanında rusdilli əhalinin heç vaxt sıxışdırılmadığı, rus dilinin isə milli tarix və mədəniyyətin bir hissəsinə çevrildiyi ölkələr sırasındadır".
Rus İcmasının sədri Mixail Zabelin deyib: "200 ildən çoxdur ruslar burada yaşıyır. Təmas nöqtələrimiz çoxdur. Mədəniyyətimizdə, ənənələrimizdə və mentalitetimizdə yaxın məqamlar az deyil. Rus xalqı kimi, Azərbaycan xalqı da çox qonaqpərvər, səmimi və mehribandır. Bu keyfiyyətlər çulğalaşır və aramızda daim möhkəmlənən körpü yaradır.
M.Zabelin azərbaycanlıların ruslara necə münasibət bəsləməsi barədə suala həmişə belə cavab verir: "Mən köklü bakılı və etnik rusam, Milli Məclisin deputatıyam. Burada ruslara necə münasibət bəsliyirlər? Siz ölkənin ucqarlarına da gedə bilərsiniz, paytaxtda da dolaşa bilərsiniz. Heç yerdə nə bir əyri baxış görəcəksiniz, nə də bir kobud söz eşidəcəksiniz. Yerli ruslar Azərbaycanı öz vətəni sayır. Heç kəs bizi burada yabançı hesab etmir.
Bu gün Azərbaycanda tədris rus dilində olan 300-dən çox məktəb fəaliyyət göstərir. Rus Dram Teatrının zalı ağzınacan tamaşaçı ilə dolu olur. Rusdilli əhali üçün bir neçə qəzet çıxır. Bu yaxınlarda Azərbaycanın rusiyalı həmvətənlər təşkilatlarının konfransı keçirilib. Belə təşkilatların sayı azı 15-dir. Azərbaycan Kazakları Həmyerlilər Birliyi, Rus Mədəniyyət Mərkəzi, "Leninqrad blokadaçıları" İctimai Birliyi həmin təşkilatlar arasındadır. Onların hamısı ölkənin həyatında yaxından iştirak edir, iki xalqın ümumi tarixini və mədəni irsini qoruyub saxlayırlar.
Rusiya da öz tərəfindən həmin təşkilatlara hər cür dəstək göstərir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib: "Xarici ölkələrdəki həmvətənlərlə iş xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Biz rus dilinin, mədəniyyətinin və ənənələrinin qorunub saxlanması istiqamətində iş görənlərə, tarixi vətənin müsbət imicini formalaşdıranlara kömək etməyə hazırıq. Azərbaycanda belə fəaliyyət dövlət səviyyəsində qəbul edilir və dəstəklənir. Həmvətənlər təşkilatları üçün əlverişli şərait yaradılıb".
Azərbaycanda rusların özlərini ölkənin tamhüquqlu vətəndaşları hiss etməsinin ümummilli lider Heydər Əliyevin və ölkənin indiki prezidenti İlham Əliyevin müdrik siyasətinin nəticəsi olması ilə razılaşan Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: "Burada ana dilində danışmaq hüququ uğrunda mübarizə aparmağa lüzum yoxdur. Dini və məişət zəminində dözümsüzlük problemləri yoxdur. Buna görə də həmvətənlərimiz öz enerjilərini karyerada uğur qazanmağa, ailə qurmağa, normal və dolğun həyat yaşamağa yönəldə bilirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB