“Hər birimiz bu tarixi anların bir parçası olaq”

“Hər birimiz bu tarixi anların bir parçası olaq”

"8 dekabr 2012-ci il tarixində Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 38 səslə oyunların keçiriləcəyi məkan olaraq ev sahibliyi Azərbaycana verildi. Bu heç də təsadüfi hal deyil. Çünki Azərbaycan artıq regionda lider dövlətə çevrilib, eləcə də özünü siyasi cəhətdən kifayət qədər sübut etmiş dövlətdir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun artmasına zəmin yaradacaq və bu, bizim uğurumuzdur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, İlk Avropa Oyunlarının könüllüsü Elnarə Əliyeva deyib.

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə Baş direktoru Saymon Kleqin verdiyi məlumata görə, Oyunlar dünya standartlarına cavab verəcək şəkildə hazırlanması üçün 2012-ci ildən başlayan hazırlıqlar artıq bitib və biz oyunların keçirilməsinə tam hazırıq. Artıq geri sayım başlayıb, bizi oyunların başlanmasından və ən əsası möhtəşəm açılış mərasimindən sadəcə 7 gün ayırır. Oyunlar zamanı ölkəmiz barəsində kifayət qədər məlumatı olmayan Avropa ölkələrinin vətəndaşları gələcəklər. Bizim üzərimizə düşən ən böyük öhdəlik tariximizi, mədəniyyətimizi, zəngin irsimizi qonaqlarımıza layiqincə tanıtmaq və onların ölkəmizdən xoş təəssüratlarla ayrılmasını təmin etməkdir"- deyə, E.Əliyeva bildirib

O, əlavə edib ki, Azərbaycan gənci olaraq öz üzərinə düşən vəzifəni könüllü olmaqda görüb: "Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında heç bir əvəzi ödənilmədən göstərilən faydalı fəaliyyət növüdür. Qürur hissi ilə vəzifəmi yerinə yetirirəm. Oyunlar zamanı iyunun 12-dən 28-nə kimi Bakı Su Arenasında könüllü olaraq çalışacam. Son olaraq bunu qeyd etmək istərdim ki, gəlin oyunlar zamanı hər kəsi oyunları izləməyə dəvət edək. Arenaları boş qoymayaq, idmançılarımıza dəstək olaq və hər birimiz bu tarixi anların bir parçası olaq".

Bütün xəbərlər Facebook səhifəmizdə