“Bakı-2015” Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi olacaq
Avropa Oyunları dünyanın ikinci ən böyük idman bayramıdır. Dünya yay və qış olimpiadalarından sonra Avropa Oyunları bu analogiyaya malikdir. Heç kim mübahisə etməz ki, futbol üzrə dünya çempionatından sonra Avropa çempionatı nə qədər böyük bayramdır və insanlar onu olduqca maraqla gözləyirlər.
Olimpiya Oyunları idman yarışları, idmanın insanlara bəxş etdiyi dəyərlər olmaqla yanaşı, mühüm iqtisadi və siyasi məqsədlər də daşıyır. Bu tipli tədbirlər keçirildiyi ölkələrdə turizmin inkişafı baxımından da böyük əhəmiyyətli hadisədir. Siyasi baxımdan da mühüm beynəlxalq tədbirlərin uğurlu nəticələrinin olduğu məlumdur. Bu baxımdan birinci Avropa Oyunları ölkəmiz üçün olduqca əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir. Faktiki olaraq Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqlarının 20 faizi işğal altında olan, XX əsrin ən böyük cinayətlərindən biri olan Xocalı soyqırımı kimi faciə ilə üzləşmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün bu Oyunlar olduqca böyük fürsətdir. Təkcə yarışlara qatılan idmançıların sayı 6 min nəfərdən çox olacaq. Texniki heyət, jurnalistlər, turistlər, azarkeşlər hesabına bu say on minlərə çatacaq. Oyunları işıqlandırmaq üçün yüzlərlə jurnalistin ölkəmizə gələcəyi gözlənilir. Bundan böyük imkan olarmı? Bu da bizim üçün tariximiz, üzləşdiyimiz faciələr, mədəniyyətimizlə bağlı dünyanın informasiya məkanına yeni çıxış imkanıdır. Təbii ki, bu imkan vətəndaş cəmiyyətinin bütün spektrlərinin üzərinə də ciddi vəzifələr qoyur. Bütün imkanlardan yararlanaraq daha çox təbliğat aparmaq, mədəniyyətimizi, tariximizi, torpaqlarımızın işğalı faktını və bütünlükdə ölkəmizi təbliğ etmək qarşımızda duran əsas missiyadır. İnanırıq ki, Azərbaycan cəmiyyəti bunun öhdəsindən layiqincə gələcəkdir.
Ölkəmizdə təşkil olunacaq birinci Avropa Oyunlarına artıq 7 gün qalır. Qitənin ən böyük idman tədbirinə hazırlıq işləri yekunlaşıb. Oyunların Təşkilat Komitəsi Avropa Olimpiya Komitəsinin (AOK) dəstəyi ilə qısa müddətdə-cəmi 30 ay ərzində nəzərdə tutulan bütün tədbirləri yüksək səviyyədə icra edib başa çatdırmaq üzrədir. Artıq yarışların keçiriləcəyi idman obyektləri hazır vəziyyətdədir. Bu yaxınlarda Oyunların açılış və bağlanış mərasimlərinin baş tutacağı Bakı Olimpiya Stadionu - ölkənin baş idman arenası qapılarını idmansevərlərin üzünə açmışdır. Avropanın 49 ölkəsinin 6 min nəfərdən çox atleti möhtəşəm idman festivalında 20 idman növündə, o cümlədən 16 Olimpiya növündə mübarizə aparacaq. Ümumiyyətlə, "Bakı-2015"də idmançılar 253 dəst medal uğrunda mübarizə aparacaqlar. Özü də ilk Avropa Oyunları innovativ olması ilə fərqlənəcək və adi yarışlarda olmayan müxtəlif idman növlərində idmançılar mübarizə aparacaqlar. Həmçinin "Bakı - 2015"ə üçlük basketbol, çimərlik voleybolu, karate və s. kimi yeni idman növləri də əlavə edilib.
"Bakı-2015" idman tarixində yeni və maraqlı səhifə olacaq. Bu möhtəşəm yarış Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa yardım edəcəkdir. Bundan əlavə, Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və bu cür böyük təbəqə idmanın gətirdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə yoxdur ki, "Bakı-2015" ilk Avropa Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün 4 ildən sonra növbəti Oyunlara bələdçilik edəcək möhtəşəm hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB