Sakinlərlə görüş yeni qaydada təşkil olunur FOTO

Vətəndaşların müraciətləri evlərində dinləniləcək
Sakinlərlə görüş yeni qaydada təşkil olunur FOTO

Şəmkirdə rayon rəhbərliyi ilə sakinlərin görüşü yeni qaydada təşkil olunur. Bu dəfə aidiyyəti strukturların rəhbərləri vətəndaşların təklif və müraciətlərini icra hakimiyyətinin qəbul zalında deyil, sakinlərin yaşadıqları ünvanda dinləyiblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ilk belə görüş Şəmkir şəhəri Əhməd Cavad küçəsində yaşayan Fərhad Cəfərovun mənzilində keçirilib. Cəfərovlar ailəsi ilə yanaşı, ətrafda yaşayan qonşuların da iştirak etdiyi görüşdə rayonun potensial imkanları, adət və ənənələr, gənc nəslin təlim tərbiyəsi və digər mövzularda söhbətlər aparılıb. Rayon rəsmiləri daha sonra Əhməd Cavad küçəsində yaşayan vətəndaşların müraciətlərini dinləyiblər. Sakinlər ilk növbədə küçəyə yeni su xəttinin çəkilməsini və asfalt örtük salınmasını təklif ediblər. Daha sonra evlərin sənədləşdirilməsi, Əhməd Cavad adına tam orta məktəbin ərazisinin hasarlanması kimi məsələlər də gündəmə gətirilib. Təklifləri dinləyən rəsmilər onların həlli ilə bağlı tapşırıqlarını veriblər.

Qeyd edək ki, Şəmkirdə bu cür görüşlər davam etdiriləcək.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə