Rusiyanın nüfuzlu nəşri olan "Nezavisimaya qazeta"nın 4 iyun nömrəsində Aleksandr Malışevin "Küləklər şəhəri Avropa Olimpiadasına hazırdır" sərlövhəli məqaləsi dərc olunub. Həminu məqaləni oxucuların diqqətinə təqdim edirik.
İyunun 12-də Bakıda birinci Avropa Oyunları – Azərbaycanın Olimpiya səviyyəsində təşkil etdiyi yarışlar başlanır. 6 mindən çox atletin iştirak edəcəyi yarışlara hazırlıq, demək olar ki, başa çatıb və artıq Bakı bir sıra yüksək səviyyəli idman obyektləri ilə zənginləşib. Sosial infrastruktur, stadionlar, hovuzlar və idman sarayları heç də təkcə Oyunlar üçün yaradılmayıb, onlar Azərbaycanda kütləvi idmanın inkişafına xidmət edəcək. Bütün bunlar 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi vaxt və digər iri beynəlxalq idman yarışları, həmçinin başqa tədbirlər zamanı da lazım olacaq.
Avropa Oyunlarına hazırlıq ciddi seytnot vəziyyətində aparılıb, axı Bakı yalnız 2012-ci ilin dekabrında Olimpiadanın kontinental analoqunun paytaxtı seçilib. Yarışlar Azərbaycan paytaxtının müxtəlif hissələrində 18 obyektdə keçiriləcək. Yalnız baydarkada və kanoyedə avarçəkmə yarışları Bakıdan 250 kilometrlik məsafədə, Kür çayının mənzərəli sahillərində yerləşən Mingəçevir şəhərində keçiriləcək. Mərkəzi idman obyekti 65 min tamaşaçı üçün nəzərdə tutulmuş Milli Stadion olacaq. Məhz burada keçiriləcək açılış mərasimi vüsətinə görə Olimpiadanın start mərasimi ilə müqayisə oluna bilər. Qarşıdakı şounun bədii direktoru Dimitris Papaioannou 2004-cü ildə Afinada keçirilmiş Olimpiya Oyunlarında belə tamaşaların təşkilatçısı olub.
Bakıda artıq böyük Avropa tədbirinin – 2012-ci ildə "Eurovision" müsabiqəsinin keçirilməsi təcrübəsi var, lakin bir çox obyektlər sıfırdan tikilib. Məsələn, onların arasında Xəzər dənizinin sahilində, hazırda yeni Bakı bulvarının bir hissəsinə çevrilmiş əvvəlki sənaye zonasında yerləşən Su İdmanı Sarayı vardır. İndi Azərbaycan paytaxtının tarixi mərkəzindən buraya gələrkən bir çox görməli yerləri – məsələn, "Crystal Hall" konsert zalını, rəsm qalereyalarını, dünyanın ən böyük bayraqlarından birinin ucaldıldığı Milli Bayraq Meydanını seyr etmək olar. Üç hovuzu olan innovasiya meydanında keçiriləcək yarışları 6 min tamaşaçı izləyəcək. Onun xüsusi konstruksiyalı dam örtüyü binanın enerji tələbatının 50 faizə qədərini təmin edə biləcək günəş batareyaları ilə təchiz olunub. Örtüyün bir hissəsi şəffafdır. Bu, tikilinin daxilində günəş işığından istifadə etməyə imkan verəcək. Lazım gəlsə, şəffaf seqmenti kölgələndirmək mümkün olacaq – bu, yarışların yayımı zamanı televiziya işçilərinə lazım gələcək.
Su İdmanı Sarayı ilə yanaşı, su polosu, çimərlik futbolu, voleybol üçün açıq meydançaları və stritbol meydanı olan xudmani tikilib. Əvvəlcə onu Oyunlar üçün müvəqqəti qurğu kimi yaradıblar, lakin Xəzərə gözəl mənzərənin açıldığı yaraşıqlı konstruksiyanın potensialı gözlənildiyindən daha yüksək olub. Azərbaycan Prezidenti İlham Əliyev bu stadionu Avropa Oyunlarından sonra da öz yerində saxlamağı qərara alıb. Nəticədə iki yeni idman obyekti və onların arasında çox böyük bir park dəniz sahilində sərgi salonları, kafeləri, velosiped yolları olan istirahət zonasına çevriləcək.
Daha bir idman obyekti – 5 min nəfər tamaşaçı yeri olan Milli Gimnastika Arenasıdır. Bu arena artıq 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatının iştirakçılarını qəbul edib. Oyunlar dövründə burada dünya idman forumları tarixində ilk dəfə olaraq beş gimnastika növü üzrə yarışlar keçiriləcək. Azərbaycan gimnastlarının milli yığması məhz burada məşq edir. Futuristik dizaynı olan Milli Gimnastika Arenası iki il bundan əvvəl quru çöldə salınmış Atletlər kəndinin yaxınlığında yerləşir. 1042 mənzili olan 13 hündür binadan ibarət mikrorayonda xarici nümayəndə heyətləri yerləşdiriləcək. Bura öz iaşə mərkəzi, məişət xidmətləri kombinatı, tibb mərkəzi və gözəllik salonu olan bir şəhərcikdir. Burada idmançılara pulsuz xidmət göstəriləcək. Təşkilatçılar atletlərə pulsuz beynəlmiləl yeməklər, yaxud milli mətbəx restoranında ödənişli yeməklər təklif edəcəklər. Atletlərin qalacağı 3-5 otaqlı mənzillər Avropa Oyunları başa çatdıqdan sonra sərbəst bazarda satışa çıxarılacaq və beləliklə, Bakıda məktəbi (indi orada atletlər kəndinin administrasiyası yerləşir), poliklinikası və yaşayış üçün bütün lazımi infrastrukturu olan yeni abad bir rayon yaranacaq.
Oyunlara hazırlıqla başqa olimpiadalarda iş təcrübəsi toplamış beynəlxalq komanda məşğul olur. Bu komandaya 12 min könüllü köməkçi də qoşulub. Təşkilatçılar onları yarışların keçirilməsinə kömək göstərmək üçün toplayıblar. Yarışlar zamanı könüllülər şəhər nəqliyyatından pulsuz istifadə edəcək, pulsuz yeməklə təmin olunacaq, onlara əlaqə saxlamaq üçün sim-kartlar, xüsusi geyim veriləcək, xarici könüllülərin təyyarə biletlərinin haqqı ödəniləcək və onlar Bakıda pulsuz yerləşdiriləcəklər. Lakin könüllülərin işinə rəhbərlik edən, Soçi Olimpiadasında bu işlə məşğul olmuş Anna Poronik deyir ki, könüllülərin 85 faizindən çoxu yerli sakinlərdir və onlar üçün əsas mükafat böyük beynəlxalq yarışın təşkili sahəsində təcrübə toplamaqdır. O deyir: "Bu, yerli uşaqların bilik və təcrübə səviyyəsini əks etdirən yaxşı göstəricidir. Biz başqa ölkələrdən yalnız xüsusi vərdişləri – nadir dil biliyi, hansısa idman ixtisası olan uşaqları götürməli olduq. Çox sürətlə işləmək lazım gəldi. Bir ilə belə böyük könüllülər ordusu toplamaq asan iş deyil, amma Azərbaycanda hökumət, dövlət strukturları, ali məktəblər bizə çox kömək edirlər: onlar öz könüllülərini tanıyır və onlarla fəxr edirlər. Yerli uşaqlar biliklərə çox can atırlar. Bu, Azərbaycan üçün böyük irs, İslam Oyunları və "Formula-1" yarışları üçün kadr potensialı olacaq".
Avropa Oyunları idmanın 20 növü üzrə, o cümlədən çimərlik futbolu, 3x3 basketbolu, karate və sambo kimi qeyri-olimpiya növləri üzrə keçiriləcək. 12 idman növü üzrə yarışlar 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına seçmə yarışlar olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB