“Kommersant” I Avropa Oyunlarından yazdı

“Kommersant” I Avropa Oyunlarından yazdı

Rusiyanın "Kommersant" qəzetinin "Guide" adlı əlavəsinin növbəti buraxılışı Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub. Qəzet Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun "Oyunlar ölkənin həyatını dəyişəcək" sərlövhəli məqaləsini oxuculara təqdim edir. Nazir "Bakı-2015" Oyunlarına hazırlıq prosesindən ətraflı bəhs etdiyi məqalədə yazır: "Azərbaycan hökuməti idmanı ölkənin iqtisadi və sosial inkişafının mühüm tərkib hissəsi hesab edir. Oyunların Bakıda keçirilməsi Prezident İlham Əliyevin Avropada Azərbaycanın tutduğu mövqeyə baxışını əks etdirir və ölkənin sağlam həyat tərzinin təbliğinə yönəldilmiş siyasətinin tərkib hissəsidir".

"Bakı-2015" Oyunları Azərbaycanın – zəngin mədəni irsi olan bir ölkənin özünəməxsusluğunu əks etdirəcək. Oyunlar xüsusi estetik gözəlliyi ilə fərqlənir. Bu işdə Azərbaycanın birinci xanımı və "Bakı-2015" Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın misilsiz rolu vardır. O, Oyunlar çərçivəsində müxtəlif mədəni proqramların, o cümlədən Oyunların açılışı və bağlanışı mərasimlərinin təşkilində şəxsən iştirak edir. Geyimlərin, medalların və talismanların dizaynında onun xüsusi dəst-xətti əks olunub". Nazirin fikrincə, birinci Avropa Oyunlarının keçirilməsinə yönəldilən investisiyalar Azərbaycanın 23 illik müstəqilliyi dövründə onun tərəqqisini nümayiş etdirməyə imkan verəcək. A.Rəhimov yazır: "Oyunların keçirilməsi üçün mövcud olan, yaxud bundan əvvəl tikintisi planlaşdırılmış infrastrukturdan maksimum istifadə edildiyi nəzərə alınarsa, "Bakı-2015" Oyunlarına sərf olunan xərclər əslində minimumdur. Biz vəsaitdən ağılla istifadə etmişik, əsas diqqəti milli əmək resurslarının inkişafına yönəltmişik. Bütün bunları nəzərə alaraq möhkəm əminik ki, "Bakı-2015" Oyunları uzunmüddətli perspektivdə ölkəmizə çox böyük fayda gətirəcək".

"Mersi, Bakı!" sərlövhəli məqalənin müəllifi Aleksey Dospexov yazır: "Bakı haqqında çoxdan deyirlər ki, onu mütləq görmək lazımdır, bir şəhər çərçivəsində keçmişlə gələcəyin, rahat qədim məhəllələrlə gözqamaşdırıcı göydələnlərin, Xəzər dənizi sahillərinin təbii gözəlliyi ilə rəngarəng arxitekturanın, patriarxal ənənələrlə yeni dəbli qlobal dəyişikliklərin necə uyğunlaşdırıldığını gözlə görmək lazımdır. Məqalədə Azərbaycanın iqtisadi inkişafından, son illər Azərbaycan idmançılarının əldə etdikləri yüksək nailiyyətlərdən söhbət açılır.

"Yüksək əyarlı idman" sərlövhəli məqalənin müəllifi Viktor Petrov birinci Avropa Oyunlarının əsas meydançalarından bəhs edir. Bunlar Heydər Əliyev adına İdman Sarayı, Bakı Atıcılıq Mərkəzi, VMX-Velopark, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzi, Bakı Su İdmanı Sarayı, "Kristal Holl", Tofiq Bəhramov adına Stadion, Bakı İdman Sarayı, Bakı Olimpiya stadionu, Milli Gimnastika Arenası və Atletlər kəndidir.

"Metrosprint" sərlövhəli məqalədən oxucular Oyunlar zamanı Bakıya necə və nə ilə gedə biləcəklərini öyrənəcəklər.

Anton Borovoy "Mavi Xəzərin sahilində" sərlövhəli məqaləsində Azərbaycanın qədim abidələrinin tarixindən və Bakının görməli yerlərindən yazır.

Əlavədə həmçinin Avropa Oyunlarının rəmzləri barədə "Odlar yurdunun sərvəti" sərlövhəli məqalə yerləşdirilib.

Aleksey Munipov isə "Kommersant"ın oxucularına Azərbaycanın zəngin və nadir mətbəxindən söhbət açır.

Bütün xəbərlər Facebook səhifəmizdə