Heydər Əliyev milli inkişaf strategiyamızın müəllifidir

Heydər Əliyev milli inkişaf strategiyamızın müəllifidir

Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə Heydər Əliyev lektoriyasının "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu" mövzusunda keçirilən növbəti məşğələsində danışılıb.

Məşğələdən əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra məşğələni açan Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədov Ulu Öndərin genişmiqyaslı siyasi fəaliyyəti barədə ətraflı məlumat verib.

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli çıxışında bildirib ki, taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, ona dayaq olub. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı işğaldan, məhv olmaqdan, düşmən əlinə keçməkdən xilas etməklə Naxçıvana yeni bir həyat bəxş edib. Dahi şəxsiyyətin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik hərəkatı bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb.

Elman Cəfərli qeyd edib ki, üçrəngli bayrağımız ilk dəfə Ümummilli Liderin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılıb, Sovetlər Birliyinin süqut etmədiyi bir vaxtda cəsarətli addım atılaraq Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarılıb. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursat və texnikanın Naxçıvanda saxlanılması şərtilə buradan çıxarılıb, onların bazasında ilk milli ordu yaradılıb. Bununla yanaşı, xalqımızın başına gətirilən tarixi cinayətə – 20 Yanvar faciəsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisində siyasi qiymət verilib, həmin günün Milli Matəm Günü kimi qeyd olunması, həmçinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Birlik və Həmrəyliyi Gününün təsis edilməsi qərara alınıb.

"Ölkəmizin inkişafında əsas hərəkətverici siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası da məhz həmin dövrdə Naxçıvanda yaradılıb, bununla da müstəqil Azərbaycanın müasir siyasi tarixinin əsası qoyulub", – deyən YAP Naxçıvan Şəhər Təşkilatının sədri bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbindən sonra ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və yeni Azərbaycanın qurulması dövrüdür. Bu dövrdə Ümummilli Lider Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi və Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu.

Sonda məktəbin 8 müəlliminə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə