Türk yazıçı və şairlər Fəxri Xiyabanda

“Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihənin iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Türk yazıçı və şairlər Fəxri Xiyabanda

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən "Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan" adlı layihə əsasında ölkəmizə gələn türkdilli dövlətlərdən olan yazıçı və şairlər iyunun 2-dən 6-dək keçiriləcək tədbirlər çərçivəsində Fəxri xiyabanı ziyarət ediblər. Onlar müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Yazıçı və şairlər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Sonra iştirakçılar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Mərasim iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, önünə tər güllər düzüblər.

Qonaqlar Bakıda yerləşən bir sıra muzeylərlə də tanış olublar.

Sonra qonaqlar layihənin bir qrup yerli iştirakçısı ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevlə görüşüb, fikir mübadiləsi aparıblar.

Qonaqlar iyunun 3-də Azərbaycanda Atatürk Mərkəzində və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə