1 iyun – Beynəlxalq Uşaqların Müdafiə günü ilə əlaqədar Milli Məclisin deputatı Sevinc Fətəliyeva və YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının üzvləri Suraxanı rayonu, Yeni Günəşli "D" massivində yerləşən 2 saylı uşaq evində olublar. SİA-nın xəbərinə görə, 2 saylı Uşaq evinin müdiri Sevda Hacıyeva qonaqları salamlayaraq onlara göstərdikləri diqqətə görə təşəkkürünü bildirib.
S. Hacıyeva söyləyib ki, 2 saylı uşaq evi Heydər Əliyev Fondunun "Uşaqla evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulub.
Onun sözlərinə görə, 1 hektar sahədə yerləşən uşaq evi 2000-ci ildən fəaliyyət göstərir: "Valideyn himayəsindən məhrum olan uşaqları daima diqqətdə saxlayan Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun himayəsi altında olan bu müəssisəyə də daima baş çəkir, uşaq evinin və bu evin balaca sakinlərinin qayğıları ilə maraqlanır. Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisədə müntəzəm olaraq təmir və abadlıq işləri aparılır, uşaq evinin müasir avadanlıqla, kompüterlərlə təmin olunması diqqətdə saxlanılır. Fondun uşaq evinə növbəti hədiyyəsi burada yenidənqurma işlərinin aparılması oldu. Müəssisə hazırda 3 korpusdan ibarətdir. Böyük korpusda uşaq evi, digər korpuslarda isə günərzi qayğı mərkəzləri fəaliyyət göstərir. Yenidənqurma işləri nəticəsində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan günərzi qayğı mərkəzi, buradakı qruplar, həmçinin kitabxana, akt zalı, yeməkxana, psixoloq, loqoped, stomatoloq kabinetləri təmir olunub, həyətdəki əyləncə və idman meydançaları yenidən qurulub".
Çıxış edən millət vəkili Sevinc Fətəliyeva ölkədə uşaqlara göstərilən diqqət -qayğıdan söz açıb. O bildirib ki, dövlətimiz yeni nəslin - uşaqların sağlam, firəvan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin Azərbaycanda "Uşaq ili" elan edilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Həmin sərəncam əsasında ölkəmizdə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanıb həyata keçirilir. Bunlar da ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, bilikli, peşəkar kadrların hazırlanmasına yönəlib. Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, ölkəmizdə son dövrdə ana və yeni doğulmuş uşaqlar arasında ölüm halları kəskin surətdə azalıb".
Çıxış edən YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva uşaqları bayram münasibətilə təbrik edərək qeyd edib ki, uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür: "Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Gələcəyimiz olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycanın sürətli iqtisadi inkişafı sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. Elə bu baxımdan, son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmaqdadır. Hələ neçə il əvvəl dünyada başlamış qlobal iqtisadi böhran fonunda 2009-cu il Azərbaycanda möhtərəm Prezidentimizin Sərəncamı ilə "Uşaq ili" elan edilmişdi. Hökumət uşaqların problemlərini həmişə diqqət mərkəzində saxlayır, onların hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir".
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB