Rusiyada azərbaycanlı odlu silahla qətlə yetirilib

Rusiyada azərbaycanlı odlu silahla qətlə yetirilib

Moskva vilayətində 48 yaşlı azərbaycanlı odlu silahdan qətlə yetirilib. SİA-nın məlumatına görə, hadisə mayın 30-da Moskva vilayətinin Krasnoqorsk rayonunda günorta saat 11:40 radələrində baş verib.

Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Qurban Mirzə oğlu Batırxanov "MсDonalds" restoranından çıxıb şəxsi avtomobilinə tərəf gedərkən ona taksi yaxınlaşıb. Taksidə olan killer "Makarov" tapançasından Qurban Batırxanova 7 dəfə atəş açıb. Q. Batırxanov hadisə yerindəcə ölüb. Sonra taksi hadisə yerindən uzaqlaşıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Qurban Batırxanov qətlə yetirildiyi məkanın yaxınlığında yaşayıb. Onun rəsmi olaraq heç yerdə işləmədiyi, qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir. Mərhumun məhz bu fəaliyyətinə görə rəqibləri tərəfindən qətlə yetirildiyi güman olunur.

Qeyd edək ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah gəzdirmə maddələri cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə