QUPAİB-dən uşaqlar üçün bayram tədbiri FOTOLAR

QUPAİB-dən uşaqlar üçün bayram tədbiri FOTOLAR

"Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyi "Nar Mobile" şirkətinin maliyyə dəstəyi ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlar üçün "Onlar bizim birimizdir" devizi ilə bayram tədbiri təşkil edib. SİA-nın məlumatına görə, tədbirdə Bakı, Ağdam, Fizuli, Şamaxı, Ağsu və Zaqataladan olan 60-dan çox uşaq iştirak edib.

Birliyin sədri Kəmalə Məmmədova xüsusi qayğıya ehtiyac duyan, qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyini bildirərək qeyd edib ki, tarixən Azərbaycan cəmiyyətində yeni nəslə - uşaqlara xüsusi diqqət, qayğı göstərilib: "Onların istər fiziki, istərsə də mənəvi cəhətdən sağlam böyümələrinə, bir insan və şəxsiyyət kimi formalaşmalarına çalışıblar. Böyüyən nəslə xüsusi diqqət xalqımızın qanından, canından, onun təfəkkür tərzindən irəli gəlir ki, bu da onu digər millətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Bu gün cəmiyyətimizdə xüsusi ilə valideyn himayəsindən məhrum olan, qaçqın və məcburi köçkün statusu ilə yaşayan uşaqlarımız var. Dövlətin göstərdiyi qayğı ilə yanaşı, onlara cəmiyyət tərəfindən də dəstək verilməlidir. Bu işdə isə vətəndaş cəmiyyəti institutlarının - qeyri-hökumət təşkilatlarının (QHT) rolu xüsusi əhəmiyyət daşıyır".

Tədbir zamanı uşaqlar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, sonra uşaqlar üçün İçərişəhərdə, Bayraq Meydanında gəzinti, Xalça Muzeyinə və Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Bayram tədbiri Bakı Biznes Mərkəzində dəvam edib.

Bayram süfrəsi ətrafında davam edən mərasimdə çıxış edənlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi Nəzakət Xudiyeva, Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov uşaqları əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə onlara göstərilən dövlət qayğısından danışıblar.

Dövlət qurumlarının və QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə uşaqlar üçün interaktiv oyunlar təşkil edilib, onlara bayram hədiyyələri verilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə