1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı"nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq onların müdafiəsinə hamınıqla qoşulmaq bizim borcumuzdur.
Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulub.
Tədbirlər planına uyğun olaraq rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, həmçinin aztəminatlı ailələrdən olan, "SOS Azərbaycan" uşaq kəndində yaşayan, fiziki qüsuru olan ümumilikdə - 150 nəfər uşaq üçün Dənizkənarı Milli Bulvardakı "Yaxt-klub"dakı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yeni, müasir "Müslüm Maqomayev" gəmisi ilə Bakı buxtasında gəzintisi və bayram şənliyi təşkil olunub. Qeyd olunmalıdır ki, uşaqların böyük hissəsi ilk dəfə idi ki, dəniz gəzintisinə çıxırdılar və bu onların böyük sevincinə səbəb olub.
İlk olaraq uşaqlar və onların müəllimləri, valideynlər gəmi, onun göyərtəsi, kayuta və xidməti otaqlarını gəzib, gəmidə xalq artisti Müslüm Maqomayevə həsr olunmuş güşə və buradakı fotolarla yaxından tanış olublar. Gəminin göyərtəsi tədbirlə bağlı xüsusi olaraq bəzədilib. Uşaqlara məlumat verilib ki, yüksək komfortlu və sürətli sərnişin gəmisi olan "Müslüm Maqomayev" gəmisi 2014-cü ildə istifadəyə verilib və dekabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gəmi ilə tanış olub. Burada dəniz səyahəti və gəzintilər üçün hər cür şərait vardır.
Uşaqlar qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulayıb. Bildirilib ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar.
Qeyd olunub ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoyublar.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Cəbrayıl Mahmudlu və gəminin kapitanı Ramin Əliyev uşaqları bayram münasibəti ilə təbrik etmiş, onlara xoş istirahət arzulayıb, bildiriblər ki, bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Xoş və yaddaqalan gəzinti üçün burada hər cür şərait yaradılıb. Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı "Kristall-Xall" zalını, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə ediblər.
Gəmidə uşaqlara nahar süfrəsi təşkil olunub, musiqiçilərin şən ifaları altında uşaqlar xeyli rəqs edib, yallı getmiş daha sonra isə öz məharətlərini göstərərək şer, mahnılarla həmyaşıdları qarşısında çıxış ediblər.
Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxıb, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB