İntiqam Babayev BMT-də gənclər siyasətindən danışıb

İntiqam Babayev BMT-də gənclər siyasətindən danışıb

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə Azərbaycan Respublikasının nümayəndə heyəti BMT Baş Assambleyasında Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının 20-ci ildönümünə həsr olunmuş ali dərəcəli xüsusi sessiyada iştirak edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramı 1995-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilib. İyirmi il əvvəl beynəlxalq ictimaiyətin gənclərlə bağlı götürdüyü öhdəliklərin necə icra olunduğunu müzakirə etmək, gənclər siyasəti sahəsində hazırkı çətinlikləri və növbəti hədəfləri müəyyənləşdirmək məqsədilə keçirilən xüsusi sessiyada BMT-nin Baş katibi Pan Gi Mun, Baş Assambleyanın prezidenti Sam Kutesa, Baş katibin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi, 60-dək ölkənin nazir və nazir müavinləri, beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ölkələrdən fəal gənclər iştirak ediblər.

İ.Babayev çıxışında Azərbaycanın uğurlu gənclər siyasəti modelindən, bu sahədə əldə olunan bir sıra nailiyyətlərdən söz açıb və bu uğurları torpaqlarımızın iyirmi faizinin işğal altında olmasına baxmayaraq əldə etdiyimizi xüsusi vurğulayıb. Nazir müavini ötən ilin oktyabrında Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci Qlobal Forum və burada qəbul edilən Bakı öhdəlikləri barədə də geniş məlumat verib.

Sessiyada çıxış edən Pan Gi Mun, Sam Kutesa və başqaları Bakı öhdəliklərinin müasir beynəlxalq gənclər siyasəti üçün əsas prinsipləri təşkil etdiyini dəfələrlə vurğulayıblar.

Tədbir çərçivəsində İ.Babayev Küveyt, Serbiya, Çin Xalq Respublikası və İsveç nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ölkələr arasında gənclərlə iş sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilin.

Daha sonra sessiya işini "Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının qəbul edilməsindən sonra ötən 20 ilin təhlili" və "Gələcəyə baxışda Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının rolu" adlı panellərdə davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə