Bu gün Azərbaycanın bir sıra məktəblərində son zəng günüdür. Hazırda ölkəmizdə fəaliyyət göstərən bir sıra ümumtəhsil orta məktəblərdə təntənəli son zəng tədbirləri keçirilməkdədir. Bu şagirdlərin, daha doğrusu, on birincilərin həm sevincli, həm də kədərli günüdür. Sevinirlər ona görə ki, artıq gənclik dövrünə qədəm basırlar, bundan sonra müstəqil Azərbaycanın azad vətəndaşlarına çevrilirlər. Kədərlənirlər ona görə ki, özlərinə ikinci ev bildikləri məktəblə, ikinci ailə bildikləri sinif yoldaşları ilə, ikinci ana, doğma bildikləri müəllimləri ilə vidalaşırlar.
SİA məzun günü ilə bağlı Bakı şəhərinin bir sıra orta ümumtəhsil məktəblərində keçirilən son zəng tədbirlərinə qatıldı. İlk növbədə şagird və müəllimlərin bir-birlərinə xoş sözlər ifadə etməsini, o cümlədən son zəng mərasimini böyük coşqu ilə qeyd etmələrini müşahidə etdik. Tədbirlərdə məzunlar, eləcə də onları təbrik edən birincilər tərəfindən hazırlanmış müxtəlif kompozisyalar təqdim olunub. Belə ki, şagirdlər öz ürək sözlərini şerlər, mahnılarla ifadə ediblər.
Qonağı olduğumuz məktəblərdən biri də Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı tam orta məktəbdə bayram ab-havası yaşanırdı. Məktəblilər ilk gün olduğu kimi yenə həyəcanlıdırlar. Bu həyəcan isə ilk gündəki həyəcandan fərqli olaraq qorxulu deyil, sevincli bir həyəcandır. Sinəsindən məzun yazısı asılan məktəblilər sinif yoldaşları ilə xatirə şəkilləri çəkdirir, doğma məktəbləri, müəllimləri ilə sağollaşırlar.
7 saylı tam orta məktəbin direktoru Könül Həsənova məzunlara gələcək həyatlarında uğurlar arzu edərək bidlirdi ki, bu gün onlarla yanaşı biz də olduqca həyəcan yaşayırıq: "Əlbəttə, məktəbimizin məzunlarının gələcəkləri biz müəllimləri də hər zaman maraqlandırır. Çünki onlar bu təhsil ocağında aldıqları tərbiyyəni və təhsili gələcək həyatlarında da nümayiş etdirəcəklər. Onların əldə edəcəkləri hər bir uğur məhs məktəbimizin uğuru kimi qiymətləndiriləcək".
Daha sonra XI lərin sinif rəhbərləri də öz ürək sözlərini şagirdlərinə çatdırdılar. Şagirdlər isə öz növbələrində müəllim heyətinə xüsusi təşəkkürlərini bildirərək, bu günün onların həyatlarında unudulmayacağı ana çevriləcəyini qeyd ediblər.
Nəhayət o an gəlib çatır. SON ZƏNG çalınır. Bu zəngin sədaları altında neçə-neçə məzunlar Müstəqil Azərbaycanın müstəqil vətəndaşına çevriləcəklər. Onlar çalınan bu sonuncu zəngi heç vaxt unutmayacaqlar. On bir il bundan əvvəl, ilk dəfə olaraq, əllərinə çanta alıb məktəbə yollanan, yazmağı-oxumağı öyrənən balacalar onbirillik məsafədən sonra bu gün artıq Azərbaycanın müstəqil vətəndaşı kimi həyata vəsiqə alırlar. Bu vəsiqə cəmiyyətə məsuliyyətlə addımlayacaq gənclərin yaşanacaq bir ömür yolundakı məqsəd və düşüncəsini reallaşdıra biləcək sənəddir. İnanırıq ki, bu günün məzunları savadlı və dünyagörüşlü gənc olaraq dünyaya səs salacaqlar.
Qeyd edək ki, 2014-2015-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 şagird bitirəcək. Ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olur.





İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB