Lənkəranda çimərlik mövsümünə start verilib

Lənkəranda çimərlik mövsümünə start verilib

Rayonda fəaliyyət göstərən çimərliklərin əksəriyyətində dəniz suyunun ekoloji durumu ürəkaçan səviyyədədir.

Cənub bölgəsində havanın isti keçməsi sakinlərin dəniz sahilinə üz tutmasına səbəb olub. SİA-nın Cənub bürosunun məlumatına görə, artıq bir neçə gündür ki, Lənkəranda çimərlik mövsümünə strat verilib. Hazırda Lənkəranda sakinlərin dəniz sahilində dincəlməsi üçün 20-dən artıq çimərlik fəaliyyət göstərir. Həmçinin sakinlərin təhlükəsizliyini təmin etməkdən ötrü iki yerdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri müxtəlif katerlər və xilasetmə avadanlıqları ilə 24 saat xidmət edirlər. Lənkəranda fəaliyyət göstərən çimərliklərin əksəriyyətində dəniz suyunun ekoloji durumu da ürəkaçan səviyyədədir. Belə ki, Xəzərin Lənkəran sahilində neft-qaz işləri aparılmadığından, həmçinin bu ərazidə sənaye müəssisələri olmadığından dəniz suyu ekoloji baxımdan çox təmizdir.

Lənkəran Gigiyena və Epidemalogiya mərkəzinin müdürü Habil Sadıqov bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar Lənkəran şəhəri ərazisində əhalinin çimərlik kimi istifadə etdiyi yerlərdən su nümünələri götürülüb və bakteroloji göstəricilərinə görə təhlil olunub. Təhlil nəticəsində dəniz suyunun koloindeksi norma həddində olub.

Habil Məlikovun sözlərinə görə elə çimərliklər də var ki, orada çimmək insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Belə yerlərdən uzaq durmaq məsləhətdir.

Qeyd edək ki, Xəzərin yalnız Lənkəran hissəsində sahil qumunun qara olması insan sağlamlığına müsbət təsir göstərir və bura gələn insanların sayını artırır. Hazırda bu çimərliklərdə Lənkəranla yanaşı, qonşu Lerik, Masallı, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri də dincəlirlər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə