Şəmkirdə 28 May Respublika gününü qeyd olunub

Şəmkirdə 28 May Respublika gününü qeyd olunub

Şəmkir və Kəlbəcər sakinləri 28 May Respublika gününü qeyd edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Şəmkirdə 28 May Respublika günü münasibəti ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Heydər Əliyev mərkəzində keçirilən tədbirdə vurğulanıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, cumhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbirdə Azərbaycan Demokratik Respublikasının fəaliyyət dövrünə aid sənədli film nümayiş etdirilib. Daha sonra respublika gününə həsr olunan "İstiqlal tariximiz" adlı dəyirmi masa təşkil olunub. Ziyalılar və fəal gənclərin iştirak etdiyi dəyirmi masada Azərbaycan Xalq Cümhuriyyəti, Cümhuriyyətin süqutu, Gəncə üsyanı-1920-ci il mövzularında məruzələr dinlənilib.

Gəncədə məskunlaşan kəlbəcərlilər də öncə Ulu öndərin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Rayon mədəniyyət evində keçirilən tədbirdə qeyd olunub ki, Azərbaycan Xalq Cumhuriyyəti çoxəsrlik tarixi olan xalqın milli oyanış və dirçəliş proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Cümhuriyyət xalqımızın siyasi şüur səviyyəsinin, mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olub. Tədbirin bədii hissəsində Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin, ümumtəhsil ocaqlarının şagirdləri torpağa və xalqa aid şeirlər səsləndirib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə