Qaçqın və məcburi köçkünlərə yardımlar aparılıb

Qaçqın və məcburi köçkünlərə yardımlar aparılıb

SOCAR-da daim diqqət mərkəzində saxlanılan sosial yönümlü məsələlərdən biri də erməni işğalçıları tərəfindən doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə maddi və mənəvi dəstək göstərilməsidir. Hər il dövlət bayramları ərəfəsində Şirkətin təmsilçiləri onun himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, humanitar yardımlar, bayram sovqatları aparırlar. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, bu günlərdə 28 May - Respublika Günü və 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə Ağdam rayonunda yerləşən "Dördyol 1, 2", "Təzəkənd" qəsəbələri və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılmışdır. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilmişdir. SOCAR nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Respublika Günü və Milli Qurtuluş Günü münasibəti ilə münasibəti ilə təbrik etmiş, əmin olduqlarını bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaq.

Qəsəbələrin sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə