Respublika Günü Təbrizdə təntənəli qeyd edilib

Respublika Günü Təbrizdə təntənəli qeyd edilib

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu 28 May - Respublika Günü münasibətilə "Elgölü Pars" otelinin ziyafət salonunda rəsmi qəbul keçirib. Rəsmi qəbulda əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib. Sonra baş konsul Əli Əlizadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və nailiyyətləri haqqında iştirakçılara məlumat verib.

Baş konsul Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını bildirib. Ulu Öndər tərəfindən əsası qoyulan hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində böyük nailiyyətlər əldə olunduğu vurğulanıb.

Ə. Əlizadə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar haqqında da məlumat verərək bildirib ki, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi, münaqişənin həllində beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsi təəssüf doğurur. Ancaq Azərbaycan nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü gec-tez bərpa edəcək.

Baş konsul son dövrlərdə yüksələn xətlə inkişaf edən Azərbaycan - İran münasibətlərindən də danışıb.

İranın Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə isə İran - Azərbaycan əlaqələrinin əhəmiyyətindən, hər iki ölkənin ortaq dəyərlərindən söhbət açıb. O, İran tərəfinin təbriklərini Azərbaycan dövlətinə və xalqına çatdırıb.

Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafını, turizm potensialını, mədəniyyətini və İranla dostluq münasibətlərini əks etdirən film nümayiş olunub.

Qəbul çərçivəsində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı videoçarx göstərilib.

Baş Konsulluğun əməkdaşı Nəriman Orucəliyev Avropa Oyunları haqqında məlumat verərək İran vətəndaşlarını bu oyunları izləməyə dəvət edib.

Qəbulda İranın dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə