Mayın 26-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) 28 May - Respublika Gününə həsr olunan "Şərqdə ilk demokratik dövlət" mövzusunda tədbir keçirilib. İnstitutdan bildiriblər ki, tədbirdə bu təhsil müəssisəsinin rektoru, professor Asəf Zamanov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində ilk parlament respublikası olduğunu söyləyib.
Qeyd edilib ki, ilk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən AXC-nin yaranması çox mürəkkəb şəraitdə elan olunub. Cəmi 23 ay yaşamasına baxmayaraq AXC tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Cümhuriyyətin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət daşıyır. Cümhuriyyətin böyük uğurlarından biri 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqil dövlət kimi tanınması olub.
A.Zamanov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixin kəşməkəşli yollarında süquta uğrasa da, dövlətimiz 1991-ci ildə müstəqilliyini yenidən bərpa edib. Bu gün Azərbaycan dövləti dünyanın aparıcı ölkələri sırasında özünəməxsus yer tutur.
Ulu öndər Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!" sözlərini xatırladan rektor bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi və bu təşkilatda uğurlu fəaliyyəti, 2013-cü ildə kosmik ölkələr qrupuna daxil olması, 2014-cü ildə Dünya İqtisadi Forumunun hesabatında göstərildiyi kimi iqtisadi rəqabətlilik qabiliyyətinə görə dünyanın 146 ölkəsi sırasında 38-ci yerdə olması, yaxın vaxtlarda ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi bu böyük nailiyyətlərin məntiqi nəticəsidir.
Sonra BPKİYİ-nin baş müəllimi, tarixçi alim Aydın Aslanovun "Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk demokratik dövlət" mövzusunda məruzəsi dinlənilib.
Digər çıxış edənlər də bu əlamətdar günün əhəmiyyətindən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB