Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, qəbula gələn vətəndaşlar əsasən məscidlərin tikintisi və təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası, yerlərdə dini qurumların vəziyyəti və digər məsələlərlə bağlı müraciət ediblər. 20 nəfərədək vətəndaşı qəbul edən komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmasıüçün qeydiyyata alınıb.
Daha sonra isə "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda regional konfrans keçirilib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda Ağcabədi, Ağdam və Tərtər rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak edirlər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov konfransın əhəmiyyətini yüksək qiymətləndirib və milli mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirilən işlərdən danışıb. DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz işlərdən, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb. Komitə sədri diqqəti dünyada İslam dinini radikalizmə sürükləmək meyllərinin artdığına, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasına, terrorla əlaqələndirmək istəklərinə çəkərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb. Bildirib ki , gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür.
Konfrans başa çatdıqdan sonra komitə sədri Mübariz Qurbanlı Ağcabədidəki "Cümə" məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB