“Azərbaycan Xalq Cümhuriyyəti və Şərqdə ilk demokratik dövlət”

“Azərbaycan Xalq Cümhuriyyəti və Şərqdə ilk demokratik dövlət”

Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti - 97. Şərqdə ilk demokratik dövlət" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili filologiya elmləri doktoru Gövhər Baxşəliyeva, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, AJQA-nın prezidenti Sevil Yusifova, elm xadimləri, QHT rəhbərləri və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan AJQA-nın prezidenti Sevil Yusifova vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Şərqdəki müsəlman dövlətlərinin də demokratikləşməsinə təkan verib: "Tariximizi öyrəndikcə şahid oluruq ki, Azərbaycan xalqı uzun zaman milli azadlığı uğrunda mübarizə aparıb. Lakin rus əsarətindən yaxa qurtarmaq bizlərə XX əsrin əvvəllərində nəsib olub. Məhz XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı güclənib. Rusiya imperiyasının dağılması Azərbaycan dövlətinin yaranması şansını artırdı. 1918-ci il may 28-də insanlarımızın mübarizəsi nəticəsində Məhəmməd Əəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, A.Səfikürdskinin, Əlimərdan bəy Topçubaşovun, Xəlil bəy Xasməmmədovun və başqalarının səyi nəticəsində AXC elan edildi".

Daha sonra AMEA-nın şərqşünaslıq institutunun direktoru, millət vəkili filologiya elmləri doktoru Gövhər Baxşəliyeva çıxış edərək AXC-nin yaranma tarixindən və qadın məktəblərinin açılması prosesindən, elmin və mədəniyyətin inkişafından danışıb: "Fəxrlə deyə bilərik ki, AXC-nin yaranması yaxın qonşularımızın da müstəqillik uğrunda mübarizə aparmasına təkan verib. Ana dilimizin SSRİ dövründə də dövlət səviyyəsində qorunması, ikinci dövlət dili elan olunmasına görə biz məhz həmin tarixi günü yazanlara borcluyuq. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaradıb. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir".

G. Baxşəliyeva qeyd edib ki, Azərbaycan SSRİ-nin tərkibində olarkən büdcəsi 2 milyonu keçməyib: "Bu gün isə müstəqil Azərbaycanın büdcəsi yaxın gələcəkdə 30 milyard dollara çatacaq. Aradakı bu fərq Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonrakı inkişafının göstəricisidir. Azərbaycanın son 20 ildə olan inkişafı dünyanın heç bir yerində yoxdur. Odur ki, Azərbaycana gələn qonaqlar əvvəlki və bu günki Azərbaycanı heyranlıqla müqayisə edirlər".

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib ki, gündən-günə gözəlləşən Azərbaycanın beynəlxalq səviyyədə tədbirlər keçirməsi Azərbaycanın müstəqilliyi ilə bağlıdır; "Cümhuriyyətin yaranması ilə 6 maddədən ibarət "İstiqlal Bəyannaməsi" qəbul edildi. "İstiqlal Bəyannaməsi" qısa zaman ərzində bir çox xarici ölkələr tərəfindən tanınıb. Azadlıq mübarizəsinin fədailəri dünyanın müxtəlif ölkələrində keçirilən konfranslarda iştirak edərək Azərbaycanı təmsil ediblər. Cümhuriyyət bizə 2 il ərzində 300-dən çox iclas gətirib, 270 qanun qəbul olunub. Obyektivlik naminə deməliyik ki, SSRİ-nin eldən-elə kütləvi maarifləndirmə proqramında Azərbaycanın ucqar kəndlərindən olan qadınlar da maariflənib. Qadın savadlı, maarifli olmasa, heç bir hüquqdan söhbət gedə bilməz. Ulu Öndər Heydər Əliyev "qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" deyib. Odur ki, Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə mütəşəkkil formada qadınların ictimai, siyasi həyatda rolunu inkişaf etdirmək üçün müşavirələr keçirib. Məhz onun nəticəsidir ki, 1979-cu ildə Azərbaycan qadını Xarici İşlər Naziri olub və bu gündə yüksək yerlərdədirlər".

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə