Ailə mövzusunda təlim keçirilib

Ailə mövzusunda təlim keçirilib

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nı rəhbər tutaraq Azərbaycan Universiteti ilə birgə "Ailə və uşaq məsələlərinə dair şəffaflığın və vətəndaşlara xidmətin təmin edilməsi" mövzusunda təlim keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimdə Ombudsman Aparatının, Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, həmçinin müxtəlif təhsil ocaqlarında təhsil alan tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov əvvəlcə hər kəsi salamlayaraq təşkilatçılıq və əməkdaşlıq üçün Komitəyə öz minnətdarlığını bildirib. O, həmçinin tələbələrin bu kimi maarifləndirici təlimlərdə iştirakının əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək təlimin əsas məqsədinin dövlət qurumlarının insan hüquqları, xüsusən də ailə, uşaq istiqamətindəki məsələlərə dair şəffaflığın və onların gördüyü işlərin təmin edilməsi məsələlərinin gənc nəsil arasında təbliği olduğunu bildirib. Aynur Sofiyeva onu da əlavə edib ki, qloballaşan dünyada milli dəyərlərin daha çox qorunmasına ehtiyac var. Ailə dəyərlərinin qorunması, ailədaxili və nəsillərarası münasibətlərdə yaşlılara hörmət, uşaqlara sevginin, diqqətin təbliği Komitənin bu istiqamətdə gördüyü işlərin tərkib hissəsidir. O, belə mövzularda bundan sonra da tədbirlərin həyata keçiriləcəyini deyərək bu məsələnin hər zaman gündəmdə olmasına ehtiyac duyulduğunu vurğulayıb.

Daha sonra Ombudsman Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri Faiq Ağayev "İnsan hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə və bu sahələrdə Ombudsman Aparatının fəaliyyəti", Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Jalə Əsgərova "Vətəndaşların hüquqi xidmətlə təmin edilməsi", Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov "Hüquq-mühafizə orqanlarının insan hüquqlarının müdafiəsində rolu", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Şamo Salayev "Elektron Azərbaycan, Hökumət işinin şəffaflığı, İnnovativ ideyaların rəğbətləndirilməsi, Açıq dövlət məlumatları, İnternet təhlükəsizliyi", Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə "İnformasiyanın hüquqi müstəvidə əhaliyə çatdırılması" mövzusunda təqdimatlarla çıxış ediblər.

Sonda tələbələrin də interaktivliyinin təmin olunması məqsədilə qrup şəklində müzakirələr təşkil olunub. Qeyd edək ki, təlim mayın 27-dək davam edəcək və tələbələrə sertifikatlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə