KİVDF jurnalistlər və KİV üçün müsabiqələr elan edib. Fonddan SİA-ya verilən məlumata görə, mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Fondun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi;
2. "I Avropa oyunlarını ən geniş və dolğun işıqlandıran KİV" mövzusunda müsabiqənin qaydalarının müzakirəsi və təsdiqi.
3. Cari məsələlər.
Müşahidə Şurasının sədri gündəlikdə olan birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Azərbaycan milli mətbuatının 140 illik yubileyinin ölkə mediası üçün əlamətdar hadisə olduğunu bildirərək bu münasibətlə növbəti ənənəvi müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini bildirib. Vüqar Səfərli, müsabiqənin şərtlərinin olduğu kimi saxlanılmasını, hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu təklif edib. İcraçı direktor, ümumilikdə 19 istiqamət üzrə 114 nəfər jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb.
Sonra birinci məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərindən Vüqar Rəhimzadə, Əflatun Amaşov və Rəşad Məcid təklifi yüksək dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Müzakirələrin yekununda müsabiqənin 2015-ci il mayın 27-dən iyulun 9-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.
Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli iqtisadi sahədə dinamik inkişaf edən, demokratikləşmə, fikir, söz və mətbuat azadlıqlarının təminatı sahəsində böyük uğurlara imza atan Azərbaycanın son illər beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini bildirib. Vüqar Səfərli iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi baxımından əlamətdar hadisə olduğunu vurğulayaraq bu mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından KİV-in üzərinə ciddi vəzifələrin düşdüyünü qeyd edib. O, KİV-in Avropa Oyunları barədə daha dolğun məlumatlar hazırlaması və yaymasını stimullaşdırılmaq məqsədilə Fondun "I Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV" mövzusunda keçirəcəyi müsabiqə barədə ətraflı məlumat verib.
Mayın 26-dan iyulun 1-dək davam edəcək müsabiqədə qəzetlərlə yanaşı, televiziyaların, informasiya agentliklərinin və xəbər saytlarının da iştirak edəcəyini deyən Vüqar Səfərli I yer üçün 1 KİV olmaqla 30 000, II yer üçün 2 KİV olmaqla 15 000, III yer üçün 2 KİV olmaqla 10 000 manat məbləğində mükafatın nəzərdə tutulduğunu bildirib.
Müzakirələr zamanı Müşahidə Şurası üzvlərindən - Əflatun Amaşov, Rəşad Məcid, Vüqar Rəhimzadə və Müşfiq Ələsgərli belə bir müsabiqənin təşkilini ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən mötəbər idman tədbirinə sanballı töhfə kimi dəyərləndiriblər. Müzakirələr zamanı bu fikir də xüsusi qeyd olunub ki, müsabiqə I Avropa Oyunlarının KİV-də daha geniş və operativ şəkildə işıqlandırılmasını təmin etməklə yanaşı, jurnalistlərin yaradıcı əməyini stimullaşdıracaq. Müzakirələrin sonunda müsabiqə qaydaları yekdilliklə qəbul olunub.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.
Müsabiqənin şərtləri aşağıdakı kimidir:
№ İstiqamətin adı
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
İctimai və dövlət maraqlarının müdafiəsi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Azərbaycançılıq ideyasının təbliği
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Ekologiya və ətraf mühitin mühafizəsi
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Elm və təhsilin inkişaf etdirilməsi
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır.
3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1. Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan (1 il müddətində);
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV-lər (6 ay müddətində).
QEYD: İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.
Yazıların qəbul qaydaları
1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) - 1 nüsxə
2. Yazının Elektron variantı (Arial (12) şriftində -CD diskdə) - 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə
4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).
Tələb olunan sənədlər
1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə),
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə),
3. Şəxsiyyət vəsiqəsi və surəti,
4.Şəxsi VÖEN və surəti,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 27 may 2015-ci il tarixdə başlayır, 09 iyul 2015-ci il tarixdə başa çatır (09 iyul 2015-ci il yazıları təqdim etmək üçün sonuncu tarixdir).
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Hər istiqamət üzrə 6 qalib müəyyən edilir
I yer üçün bir nəfər (500 AZN)
II yer üçün iki nəfər (400 AZN)
III yer üçün üç nəfər (300 AZN)
Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.
İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):
Yazının istiqaməti
Yazının adı
Müəllifin adı, soyadı, atasının adı
Mətbuatda təxəllüsü (əgər varsa)
İşlədiyi KİV
Vəzifəsi
Yazının dərc olunduğu mətbuat orqaorqanı
- Ünvanı və poçt indeksi
-iş telefonu
-ev telefonu
-mobil telefonu
-elektron poçt ünvanı
Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________
M.Y.
Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2015-ci il
Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.
Əlaqə telefonları: (012) 537 19 45; (012) 537 19 41;
Elektron ünvan: [email protected] , [email protected]
Sayt: www.kivdf.gov.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB